Dünya üzrə mərkəzi banklar qızıl ehtiyatlarını son bir ildən çox müddətdə ən sürətli templə artırırlar. Bloomberg yazır ki, mart ayında qiymətlərin kəskin enməsi dövlət alışlarının güclü dalğasını yaradıb və bu, bəzi ölkələrin məcburi satışlarını tam kompensasiya edib.
World Gold Council (WGC) hesablamalarına görə, 2026-cı ilin birinci rübündə rəsmi sektorun xalis qızıl alışları 244 ton təşkil edib. Müqayisə üçün, əvvəlki rübdə bu göstərici 208 ton idi. Ən böyük alıcılar Polşa, Özbəkistan və Çin olub, baxmayaraq ki, alışların əhəmiyyətli hissəsi “bəyan olunmamış” kimi qeyd edilib.
Cari il qızıl üçün yüksək dəyişkənliklə yadda qalıb. Yanvarın sonunda spot qiymətlər tarixi maksimuma yaxınlaşaraq bir troya unsiyası üçün təxminən 5 600 dollara çatıb.
Lakin mart ayında ABŞ və İran arasında müharibənin başlanmasından sonra bazarda kəskin eniş baş verib: qızıl 12% ucuzlaşıb və bu, 2008-ci ildən bəri ən böyük aylıq düşüş kimi qeydə alınıb. Enmə əsasən enerji daşıyıcılarının bahalaşması ilə bağlı olub. Neftin bahalaşması investorlarda belə bir fikir formalaşdırıb ki, aparıcı mərkəzi banklar artan inflyasiya fonunda faiz dərəcələrini aşağı salmaqdan imtina edəcəklər. Yüksək faiz dərəcələri isə adətən qızıl üçün mənfi amil sayılır.
WGC-nin London üzrə baş strateqi Con Rid qeyd edib ki, bu, uzun müddətdən sonra qızıl bazarında ilk ciddi korreksiya idi və bu da əvvəlcə gözləmə mövqeyində olan mərkəzi banklara bazara daxil olub böyük həcmdə alış etməyə imkan verdi.
Eyni zamanda, WGC-nin qiymətləndirməsinə görə, Türkiyə, Rusiya, Azərbaycan və bəzi digər kiçik mərkəzi banklar və suveren fondlar birlikdə birinci rübdə təxminən 115 ton qızıl satıblar. Bu satışlar ilkin olaraq bazarda dövlət qurumlarının qızıla marağının azalması ilə bağlı narahatlıq yaratmışdı.
Lakin satışların səbəbləri daha çox praktiki xarakter daşıyıb. Türkiyə milli valyutanı və iqtisadiyyatı qorumaq üçün qızıl satıb. Rusiya büdcə kəsirini maliyyələşdirmək məqsədilə ehtiyatları monetizasiya edib. Azərbaycan isə investisiya limitlərinə uyğunlaşmaq üçün portfeldə qızılın payını tənzimləmək məqsədilə artıq ehtiyatları realizə edib.
MONETAR.AZ