Dünyanın ən dəyərli şirkətləri - Apple yenə liderdir

Dünyanın ən dəyərli şirkətləri -

Dünyanın ən dəyərli şirkətlərinin yeni reytinqində ABŞ-ın Apple şirkəti 5,2 trilyon dollarlıq bazar kapitallaşması ilə liderliyini qoruyub. Süni intellekt şirkəti Anthropic isə hələ birjada səhmlərini satışa çıxarmasa da, ilkin kütləvi təklif (IPO) üzrə nəzərdə tutulan qiymətləndirməyə əsasən 1,41 trilyon dollarlıq dəyərlə 12-ci yerdə qərarlaşıb.

Monetar.az xəbər verir ki,  CompaniesMarketCap məlumatları əsasında hazırlanan reytinq 2026-cı il noyabrın 13-də ticarət sessiyasının bağlanış göstəricilərini əhatə edir.

Siyahıda ikinci yeri 3,93 trilyon dollarla Nvidia, üçüncü yeri isə 3,89 trilyon dollarla Microsoft tutub. İlk beşlikdə həmçinin Alphabet (3,6 trilyon dollar) və Amazon (2,88 trilyon dollar) yer alıb.

Reytinqin ilk onluğuna Tayvanın (Çin) TSMC şirkəti 2,07 trilyon dollarla altıncı, SpaceX 1,89 trilyon dollarla yeddinci, Saudi Aramco 1,7 trilyon dollarla səkkizinci, Broadcom 1,66 trilyon dollarla doqquzuncu, Meta isə 1,64 trilyon dollarla onuncu sırada daxil olub.

Anthropic-in 1,41 trilyon dollarlıq qiymətləndirməsi şirkətin IPO üzrə səhm qiymətinin yuxarı həddi olan 78 dollar və təxminən 18 milyard səhm əsasında hesablanıb. Bu göstərici reallaşarsa, şirkət Tesla-dan (1,54 trilyon dollar) sonra, Eli Lilly-dən (1,29 trilyon dollar) əvvəl qərarlaşacaq. Bununla belə, Anthropic hazırda açıq birjada ticarət olunmur və onun reytinqdəki mövqeyi faktiki bazar kapitallaşması deyil, ehtimal olunan qiymətləndirmədir.

Şirkətin maliyyə göstəriciləri də diqqət çəkir. IPO sənədlərinə əsasən, Anthropic-in 2026-cı ilin ilk doqquz ayında gəlirləri 33,2 milyard dollara çatıb. Bu, ötən ilin eyni dövründə qeydə alınan 2,5 milyard dollardan 13 dəfədən çoxdur.

Reytinqdə ABŞ şirkətləri üstünlük təşkil edir. İlk 50-likdəki 36 şirkət ABŞ-ın payına düşür və onların ümumi bazar dəyəri 42,7 trilyon dollar təşkil edir. Bu, siyahıdakı şirkətlərin ümumi 52,2 trilyon dollarlıq dəyərinin təxminən 82 faizidir.

ABŞ-dan sonra Çin ikinci yerdə qərarlaşıb. Ölkənin altı şirkətinin ümumi bazar kapitallaşması 2,4 trilyon dollar təşkil edir. ABŞ-dan kənarda Anthropic-dən daha yüksək dəyərə malik yalnız iki şirkət var: TSMC və Saudi Aramco.