2023-2025-ci illərdə ABŞ-da həyata keçirilən son mərhələ vençur kapitalı sövdələşmələrinin sayı dünya üzrə bütün mərhələlərdəki vençur investisiya sövdələşmələrinin 11,6 faizini təşkil edib. Çin 7,3 faizlə ikinci, Böyük Britaniya isə 2,7 faizlə üçüncü yerdə qərarlaşıb.
Monetar.az xəbər verir ki, bu nəticələr Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) 2026-cı il üzrə Qlobal İnnovasiya İndeksində dərc olunan PitchBook məlumatlarına əsaslanır.
Reytinqdə Hindistan 1,5 faizlik göstərici ilə dördüncü yeri tutub. Fransa və Yaponiya hər biri 1,2 faizlə beşinci və altıncı, Cənubi Koreya isə 1,1 faizlə yeddinci sırada qərarlaşıb. İlk 10-luğu 0,8 faizlə Kanada, 0,7 faizlə Almaniya və 0,5 faizlə İspaniya tamamlayıb.
ABŞ və Çin birlikdə dünya üzrə bütün vençur kapitalı sövdələşmələrinin təxminən 18,9 faizini təşkil edən son mərhələ investisiyalarına ev sahibliyi edib. Bu göstərici iki ölkənin startapların maliyyələşdirilməsi bazarındakı üstün mövqeyini göstərir.
Araşdırmada son mərhələ investisiyaları ən azı 5 ildir fəaliyyət göstərən şirkətlərə yönələn və ya Series C və daha sonrakı mərhələlər kimi təsnif edilən maliyyələşdirmə sövdələşmələrini əhatə edir.
Qeyd edək ki, reytinqdəki faizlər investisiyaların pul həcmini deyil, sövdələşmələrin sayını göstərir. Hesablamalar 2023-2025-ci illər üzrə üçillik orta göstəricilərə əsaslanır.