Universitetin gündəlik mühafizə xərci 1000 manatdan çox olacaq

Universitetin gündəlik mühafizə xərci

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2027-ci il üzrə mühafizə xidmətlərinə ayırdığı vəsait məlum olub. Monetar.az xəbər verir ki, universitet bu məqsədlə 374 min 347 manat 92 qəpik vəsait nəzərdə tutub.

Satınalma müsabiqəsinə əsasən, universitetin mühafizəsi üçün 12 ay ərzində xidmət göstərilməsi planlaşdırılır.

Xidmətə 1 nəfər xidmət rəisi, gündüz növbəsində 10 mühafizəçi, gecə növbəsində 8 mühafizəçi və yataqxana üzrə 3 nəfər cəlb ediləcək. Beləliklə, ümumilikdə 22 nəfərin xidmət göstərməsi nəzərdə tutulur.

Ehtimal olunan qiymətə əsasən, universitetin mühafizəsi üçün aylıq xərc 31 min 195 manat 66 qəpik, gündəlik ümumi xərc isə təxminən 1 039 manat 86 qəpik təşkil edir.

Ümumi məbləği 22 nəfər üzrə bərabər böldükdə, bir nəfərə ayda orta hesabla 1 417 manat 98 qəpik, gündə isə təxminən 47 manat düşür.

Qeyd edək ki, bu rəqəmlər ehtimal olunan satınalma məbləği əsasında hesablanıb. Göstərilən vəsait birbaşa işçilərin əməkhaqqısı deyil. Buraya xidmət təminatçısının digər xərcləri və öhdəlikləri də daxil ola bilər.

Satınalma müsabiqəsi 18 noyabr 2026-cı il tarixində elan edilib. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi 9 dekabr 2026-cı il saat 15:00-a müəyyən edilib.