Süni intellekt artıq beynəlxalq münasibətlərə təsir göstərən mühüm amilə çevrilib. Bu texnologiyanın yaratdığı yeni imkanlar diplomatik əlaqələrin inkişafını və beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri edir.
AZƏRTAC xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi, xarici işlər nazirinin xüsusi tapşırıqlar üzrə səfiri Elman Abdullayev Bakıda keçirilən “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” adlı tədbirin panel müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni texnologiyalar beynəlxalq münasibətlərin mövcud qaydalarını dəyişdirə, geosiyasi rəqabəti gücləndirə və texnoloji imkanların məhdud sayda güc mərkəzində cəmləşməsinə gətirib çıxara bilər. Bu səbəbdən kiçik və orta ölçülü dövlətlərin süni intellektlə bağlı beynəlxalq müzakirələrdə və qərarların qəbulunda iştirakının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
Diplomat bildirib ki, dünya hazırda yeni diplomatik alətin formalaşmasının şahididir. Beynəlxalq əməkdaşlıqda süni intellektin rolu getdikcə artır. Əsas müzakirə mövzularından biri bu texnologiyanın ölkələr arasında əməkdaşlığı gücləndirəcəyi, yoxsa geosiyasi rəqabəti daha da dərinləşdirəcəyi ilə bağlıdır.
Elman Abdullayev süni intellektin xarici siyasət qərarlarına və beynəlxalq tərəfdaşlıqlara mümkün təsirlərinin də diqqətlə araşdırılmalı olduğunu vurğulayıb.
O qeyd edib ki, hər bir dövlət öz kiberməkanını qorumağa çalışsa da, kibertəhdidlər dövlət sərhədləri ilə məhdudlaşmır. Buna görə də heç bir ölkə bu təhlükələrlə təkbaşına səmərəli mübarizə apara bilməz. Səfir bu baxımdan kiberdiplomatiyanın inkişaf etdirilməsinin və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.