Dünya enerji bazarlarında qiymət artımı davam edir. ABŞ-ın WTI markalı xam neft fyuçersləri çərşənbə axşamı günü təxminən 4 faiz artaraq bir barel üçün 100 ABŞ dollarını ötüb. Bununla da qiymətlər ardıcıl yeddinci sessiyada yüksələrək aprelin əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb.
Bazar iştirakçıları ABŞ Prezidenti Donald Tramp-ın İranın münaqişənin dayandırılması və Hörmüz boğazının yenidən açılması ilə bağlı son təklifinə verəcəyi reaksiyanı diqqətlə izləyirlər. Məlumatlara görə, Vaşinqton təklifdən narazıdır və Tehranın nüvə proqramı danışıqlarda əsas mübahisə mövzusu olaraq qalır.
Aprelin əvvəlindən etibarən atəşkəs ümumilikdə qorunsa da, İran və ABŞ arasında qarşılıqlı blokadalar nəticəsində Hörmüz boğazından keçid demək olar ki, dayanıb. Qeyd edək ki, bu marşrut qlobal enerji daşımalarının təxminən 20 faizini təşkil edir ki, bu da təchizatın pozulması ilə bağlı narahatlıqları artırır.
Doqquzuncu həftəsinə daxil olan gərginlik enerji qiymətlərinin kəskin artmasına və əsas bazarlarda təchizatın sıxlaşmasına səbəb olub. Beynəlxalq Enerji Agentliyi mümkün misli görünməmiş təchizat şokunun yarana biləcəyi barədə xəbərdarlıq edib və qlobal tələbin zəifləməsi risklərinin artdığını bildirib.
MONETAR.AZ