Çin neft bazarında təsir rıçaqlarını OPEC+-ın əlindən alıb

Çin neft bazarında təsir rıçaqlarını

Yaxın Şərqdə müharibənin başlamasından altı ay keçdikdən sonra dünyanın ən nüfuzlu neft alyansı olan OPEC+ özünü alışmadığı vəziyyətdə tapıb. “Reuters”in yazdığına görə, vaxtilə formalaşdırdığı bazara alyansın təsir imkanları əhəmiyyətli dərəcədə zəifləyib.

Yaxın Şərq neftinin əsas ixrac marşrutlarından birinin bağlanması və OPEC+ üzvü olan bir neçə ölkənin enerji infrastrukturuna zərər dəyməsi alyansın qlobal bazardakı payını, bununla yanaşı, qiymətlərə təsir imkanlarını da azaldıb. OPEC+-ın bəyanat və qərarları artıq neft bazarında əvvəlki kimi ciddi reaksiya doğurmur.

Bunun əvəzində 2026-cı ilin əsas mövzularından biri Çinin neft idxalını azaltmasıdır. Analitiklərin tarixdə ən ciddi tədarük pozuntularından biri kimi qiymətləndirdiyi şəraitdə Çinin alışlarının azalması qlobal bazarın balanslaşdırılmasına kömək edir.

“Reuters”in Beynəlxalq Enerji Agentliyinin məlumatları əsasında apardığı hesablamalara görə, iyul ayında dünya üzrə neft hasilatının təxminən 40%-i OPEC+-ın payına düşüb. Müqayisə üçün, fevralın sonlarında ABŞ və İsrailin İrana hücumundan əvvəl bu göstərici 48%-dən çox idi. Bununla belə, azalmada BƏƏ-nin may ayında OPEC-dən çıxmasının da payı var.

İyul ayında Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla, OPEC+-ın yeddi əsas istehsalçısının ümumi payına qlobal neft hasilatının cəmi dörddə biri düşüb.

Müharibə OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı, həmçinin İraq və Küveyt kimi digər üzvlər üçün əsas ixrac marşrutu olan Hürmüz boğazını faktiki olaraq bağlamaqla alyansın hasilatı sürətlə artırmaq və ya azaltmaq imkanlarını məhdudlaşdırıb.

OPEC 1960-cı ildə yaradılıb. Genişləndirilmiş OPEC+ formatı isə 2016-cı ildə Rusiya və digər iri neft istehsalçılarının qlobal hasilatdakı paylarının azalmasının qarşısını almaq üçün alyansa qoşulması ilə formalaşıb. Qlobal neft hasilatında OPEC-in payı 1970-ci illərdəki neft böhranları zamanı təxminən 50%-ə çatıb, daha sonra Şimal dənizi, Alyaska və Sibirdə hasilatın artması fonunda 1980-ci illərin ortalarında 30%-ə qədər geriləyib. OPEC+ isə qərarlarının konkret neft qiymətini hədəfləmədiyini, əsas məqsədin bazar sabitliyini qorumaq olduğunu bildirir.

Müharibə nəticəsində tədarükdə yaranan fasilələr OPEC üçün yeni hadisə deyil. Belə vəziyyətlər 1990–1991-ci illərdə Körfəz müharibəsi zamanı Küveyt, 2003-cü ildə isə İraqda baş verib. Hazırkı vəziyyəti fərqləndirən əsas məqam eyni vaxtda bir neçə iri istehsalçının fəaliyyətinin məhdudlaşması və OPEC+-ın digər ölkələrdəki itkiləri kompensasiya etmək imkanlarının zəifləməsidir.

Mart ayından etibarən OPEC+-ın əsas qrupu hasilatın altı dəfə artırıldığını açıqlayıb. Lakin Hürmüz boğazının blokadada qalması səbəbindən bu artımların əksəriyyəti praktiki olaraq kağız üzərində qalıb və qiymətlərə ciddi təsir göstərməyib. İstisna yalnız iyulda ABŞ və İran arasında əldə olunan qısamüddətli atəşkəsin boğazın açılacağı ilə bağlı ümidləri artırdığı dövr olub.

2019-cu illə müqayisədə vəziyyət kəskin şəkildə fərqlənir. Həmin vaxt OPEC+ və ABŞ Prezidenti Donald Tramp neft qiymətləri ilə bağlı mütəmadi fikir ayrılığı yaşayır, treyderlər isə alyansın qərarlarını diqqətlə izləyirdilər. O zaman əsas sual OPEC+-ın nə qədər neft hasil edəcəyindən ibarət idi. İndi isə diqqət Yaxın Şərqdəki müharibə şəraitində fiziki olaraq nə qədər neftin hasil edilə və ixrac oluna biləcəyinə yönəlib.

Bu il neft qiymətlərinə təsir edən əsas amillərdən biri də Çinin idxalının kəskin azalmasıdır. Müharibənin başlanmasından sonra Çin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 400 milyon barel daha az neft alıb. Bu azalma yanacaq ixracına tətbiq olunan məhdudiyyətləri, emal həcmlərinin azaldılmasını və elektrikli nəqliyyat vasitələrindən istifadənin genişlənməsini əks etdirir.

Bu tendensiya Çinin qlobal neft bazarının balanslaşdırılmasında artan rolunu göstərir. Halbuki əvvəllər bu rol, demək olar ki, yalnız hasilatı qlobal səviyyədə tənzimləyən OPEC+ ilə əlaqələndirilirdi.

Çində neft tələbatının zəifləməsi bu il qiymətlərin formalaşmasına və artımın məhdudlaşmasına təsir göstərib. Əksinə, Çinin ötən il aktiv şəkildə neft alması qlobal tələbat artımının yarısına qədərini təmin edərək bazara ciddi dəstək vermişdi.

MONETAR.AZ