Endirimlər alıcılarda məhsulu dərhal almaq istəyi yaratsa da, real qənaət yalnız qiymətin həqiqətən aşağı düşdüyü və məhsulun yaxın gələcəkdə istifadə olunacağı halda mümkündür.
Monetar.az xəbər verir ki, ekspertlər alış-veriş zamanı endirimin ölçüsünə deyil, məhsulun əvvəlki qiymətinə, istifadə müddətinə və ailənin real tələbatına diqqət yetirməyi tövsiyə edirlər.
Endirimin həqiqi olub-olmadığını necə müəyyənləşdirmək olar?
Məhsulun üzərində “30 faiz endirim” yazılması onun həqiqətən ucuzlaşdığı anlamına gəlmir. Satıcılar bəzən kampaniyadan əvvəl qiyməti artırır, daha sonra isə onu əvvəlki səviyyəyə yaxın qiymətə endirirlər.
Buna görə də məhsulun qiymətini endirimdən bir neçə həftə əvvəl izləmək və digər mağazalardakı qiymətlərlə müqayisə etmək tövsiyə olunur. Qiymətin son 3-12 ay ərzindəki dəyişiminə baxmaq da real endirimi müəyyənləşdirməyə kömək edə bilər.
Hansı məhsulları ehtiyat üçün almaq olar?
Ekspertlərin fikrincə, ehtiyat üçün əsasən uzun müddət saxlanılan və müntəzəm istifadə olunan məhsullar alınmalıdır.
Bunlara aşağıdakılar daxildir:
- uzunmüddətli saxlanılan ərzaq məhsulları – düyü, makaron, bitki yağı və konservlər;
- məişət kimyası və gigiyena vasitələri;
- heyvan yemləri;
- dəftərxana və məktəb ləvazimatları;
- idman və ev üçün istifadə olunan məhsullar;
- tanınmış brendlərin ətirləri;
- keyfiyyətli ayaqqabı və üst geyimləri;
- mövsümdənkənar satılan geyimlər.
Məsələn, ailə hər ay müntəzəm olaraq müəyyən miqdarda yuyucu toz alırsa və məhsulun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşübsə, bir neçə aylıq ehtiyat yaratmaq sərfəli ola bilər.
Hansı məhsulları ehtiyat üçün almaq məsləhət deyil?
Ekspertlər xüsusilə “bəlkə lazım olar” prinsipi ilə edilən alış-verişlərdən çəkinməyi məsləhət görürlər.
Kiçik elektronika, qulaqcıq, telefon aksesuarları, kosmetik çantalar, müxtəlif hobbi məhsulları və bayram dekorasiyaları bu kateqoriyaya aid edilə bilər.
Elektronika məhsullarını əvvəlcədən çoxlu sayda almaq da risklidir. Məhsul istifadə olunana qədər yeni modellər çıxa, qiymətlər dəyişə və texniki tələblər fərqli ola bilər.
Endirim zamanı nə qədər pul xərcləmək olar?
Ekspertlərin fikrincə, alış-veriş üçün əvvəlcədən büdcə müəyyənləşdirmək vacibdir. Gündəlik istifadə olunan nisbətən ucuz məhsullar üçün aylıq büdcənin 5-10 faizindən, bahalı brend məhsullar üçün isə 15-25 faizindən çox vəsait ayırmamaq tövsiyə edilir.
Eyni zamanda ehtiyat alışları yalnız sərbəst vəsait hesabına aparılmalıdır. Endirimdən yararlanmaq üçün kredit götürmək, vacib ödənişləri təxirə salmaq və ya maliyyə ehtiyatına toxunmaq qənaət hesab edilmir.