Dünyanın müxtəlif regionlarında 15-24 yaşlı gənclər arasında işsizlik və təhsil-iqtisadi fəaliyyətsizlik səviyyəsi 30 faizə çatır.
Monetar.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatına əsasən, gənclər arasında əmək bazarından uzaqlaşma son 2 ildə yenidən artıb. Təşkilat qlobal iqtisadiyyatın kövrəkliyi fonunda gənclərin əmək bazarına cəlb olunması üçün əlavə tədbirlərin görülməsinə çağırıb.
Ən yüksək göstəricilər Afrika, ərəb ölkələri və Cənubi Asiyada qeydə alınıb. 2025-ci ildə ərəb ölkələrində və Şimali Afrikada əmək bazarında olan gənclərin 23-26 faizi işsiz olub. Cənubi Asiyada bu göstərici 14 faiz, Səhradan cənubda yerləşən Afrikada isə 8 faiz təşkil edib.
Bununla yanaşı, Cənubi Asiya və Səhradan cənubda yerləşən Afrikada gənclərin 22-26 faizi NEET qrupuna daxil olub. Bu kateqoriyaya işləməyən, iş axtarmayan, təhsil və ya peşə hazırlığı keçməyən gənclər daxildir. Ərəb ölkələri və Şimali Afrikada isə NEET-lərin payı 30-32 faizə çatıb.
Hesabatda qeyd olunur ki, yüksək NEET göstəricilərinin əsas səbəblərindən biri gənc qadınların ev işləri və uşaqlara qulluqla məhdudlaşmasına səbəb olan ənənəvi gender rollarıdır. Səhradan cənubda yerləşən Afrikada isə sürətlə artan gənc əhali əlavə təzyiq yaradır. Cənubi Asiyada əsas problemlərdən biri isə gənclər üçün ilk iş yerlərinin kifayət qədər olmamasıdır.
Latın Amerikası, Mərkəzi və Cənub-Şərqi Asiyada gənclər arasında işsizlik 10-13 faiz, fəaliyyətsizlik isə 16-19 faiz təşkil edib. Latın Amerikasının Braziliya, Meksika və Kolumbiya kimi böyük iqtisadiyyatlarında göstəricilər yaxşılaşıb.
Şərqi Avropa və Şimali Amerikada vəziyyət digər regionlarla müqayisədə daha əlverişli olub. Bu regionlarda həm gənclər arasında işsizlik, həm də fəaliyyətsizlik təxminən 10 faiz səviyyəsində qərarlaşıb.
Şərqi Asiya və Qərbi Avropada isə gənclər arasında işsizlik fəaliyyətsizlik göstəricisini bir neçə faiz bəndi üstələyib. BƏT bunu həmin regionlarda 15-24 yaşlıların böyük hissəsinin təhsil alması ilə izah edir. Təhsil alanların çoxluğu əmək bazarında olan gənclərin sayını azaltdığından, işsizlərin bu qrupa nisbəti daha yüksək görünür.