Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” hücumlar nəticəsində zədələnmiş “Şərq–Qərb” (East-West) magistral neft kəmərinin fəaliyyətinin bərpasından sonra Avropadakı müştərilərinə noyabr ayında sifariş etdikləri həcmdə xam neft tədarük ediləcəyini bildirib.
“Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən Avropanın ən azı üç neft emalı zavodunun (NEZ) gələn ay Səudiyyə Ərəbistanından tam həcmdə neft alacaqlarını təsdiqlədiyini yazıb.
Tədarükün bərpası kəmərdə yaranmış fasilələr səbəbindən alternativ xammal mənbələri axtarmağa məcbur qalan Avropa neft emalı sektorundakı gərginliyin azalmasına kömək edə bilər.
Ötən ay “Aramco” kəmərə edilən hücumlar səbəbindən oktyabrda Avropadakı müştərilərinə neft tədarükünün həyata keçirilməyəcəyini bildirmişdi. Bu xəbər bazarda alternativ neft partiyalarına tələbatı kəskin artırmışdı.
Səudiyyə Ərəbistanı neftinin ən böyük alıcılarından biri olan Polşanın “Orlen SA” şirkəti yaranmış çatışmazlığı aradan qaldırmaq üçün alternativ xammal həcmlərinin alınması məqsədilə 10-dan çox hərrac elan etmişdi.
“Bloomberg”in gəmiçilik izləmə sistemlərinin məlumatlarına əsaslanan hesablamalarına görə, Səudiyyə Ərəbistanı Avropaya gündəlik orta hesabla 700–800 min barel xam neft ixrac edir.
Neft kəmərinin fəaliyyətinin bərpası və tədarükün əvvəlki həcmlərə qaytarılması Avropa emal müəssisələrinin xammal təminatının sabitləşməsinə şərait yarada bilər.
MONETAR.AZ