Tailand BVF və Dünya Bankının görüşlərinə ev sahibliyi etməyə hazırlaşır

Tailand BVF və Dünya Bankının görüşlərinə

Tailand oktyabrın 12–18-də Banqkokda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının illik iclaslarını keçirməyə hazırlaşır. Qlobal iqtisadi problemlərin müzakirə olunacağı tədbirdə 191 ölkədən 15 mindən çox nümayəndənin iştirakı gözlənilir.

Bir həftə davam edəcək toplantılar mərkəzi bank rəhbərlərini, maliyyə nazirlərini, iqtisadi tənzimləyiciləri və biznes təmsilçilərini bir araya gətirəcək. Forumda dünya iqtisadiyyatının vəziyyəti, maliyyə sabitliyi və inkişafın əsas prioritetləri müzakirə olunacaq.

Tailand Maliyyə Nazirliyinin hesablamalarına görə, xarici iştirakçıların ölkədəki xərcləri iqtisadiyyata 1,05–2,25 milyard bat həcmində əlavə gəlir qazandıra bilər. Bu, təxminən 32–69 milyon dollara bərabərdir.

Bununla yanaşı, tədbirin miqyası paytaxtda nəqliyyatın təşkili və təhlükəsizliyin təmin olunması üçün geniş hazırlıq işlərini zəruri edib.

İclaslar ərəfəsində nəqliyyat sıxlığını azaltmaq məqsədilə dövlət idarələrinin əməkdaşları oktyabrın 12-si, 14-ü və 15-də distant iş rejiminə keçiriləcək. Oktyabrın 13-ü rəsmi qeyri-iş günü, 16-sı isə dövlət qurumları və banklar üçün xüsusi istirahət günü elan olunub. Özəl şirkətlərə və dövlət müəssisələrinə də oxşar tədbirlər görmək tövsiyə edilib.

Tədbirin keçiriləcəyi məkanın və rəsmi siyahıya daxil edilmiş 21 otelin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. İctimai asayişin qorunmasına Turizm Polisinin təxminən 500 əməkdaşı cəlb olunacaq.

Polis əməkdaşları 39-a yaxın ölkənin səfirliklərinin nümayəndələri ilə əlaqəli fəaliyyət göstərəcək. Təhlükəsizlik planına patrul xidməti, gizli müşahidə, dronlardan istifadə və rəsmi kortejlərin müşayiəti daxildir.

İclaslarda iştirak edəcək yüksək səviyyəli qonaqlar arasında İsveçrə Prezidenti Qi Parmelen və Sinqapur Prezidenti Tarman Şanmutaqaratnam da var. Parmelenin səfəri İsveçrə prezidentinin son 22 ildə Tailandə ilk rəsmi səfəri kimi diqqət çəkir.

Təşkilatçılar tədbirin ekoloji təsirini azaltmaq üçün də addımlar atırlar. Nümayəndələrin daşınmasında 320-dən çox elektromobildən istifadə olunması nəzərdə tutulur. Bu təşəbbüs nəqliyyatla bağlı zərərli tullantıların azaldılmasına yönəlib.

Toplantıya hazırlıq işlərini çətinləşdirə biləcək amillərdən biri də əlverişsiz hava şəraitidir. Səlahiyyətli qurumlar oktyabrın 10–11-də Banqkokda və ətraf əyalətlərdə intensiv yağışların yağacağı barədə xəbərdarlıq ediblər.

Bu xəbərdarlıq paytaxtın bir sıra rayonlarında üç gün ərzində təxminən 320 millimetr yağıntının qeydə alınması ilə nəticələnən daşqınlardan iki həftə sonra verilib. Gözlənilən yağışların şəhərdaxili hərəkətə və tədbirin logistikasına təsiri diqqət mərkəzində olacaq.

MONETAR.AZ