DİM bölgələrdə dövlət qulluqçuları üçün təlimləri davam etdirir

DİM bölgələrdə dövlət qulluqçuları üçün

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluqçularının peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədilə regionlarda təlimlərin keçirilməsini davam etdirir. 2026-cı ilin sonunadək ölkənin bütün regionlarında bu istiqamətdə tədbirlərin təşkili nəzərdə tutulur.

Monetar.az xəbər verir ki, təlimlər Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində təşkil olunur. Strategiyanın 1–3-cü bəndlərində nəzərdə tutulan tədbirlər üzrə DİM əsas icraçı qurum kimi müəyyən edilib.

2026-cı il oktyabrın 5–9-da Hacıqabul, Saatlı və Sabirabad rayonlarında, eləcə də Şirvan şəhərində dövlət qulluqçuları üçün təlimlər təşkil olunub.

Tədbirlər çərçivəsində iştirakçılara üç mövzu üzrə məlumat verilib:

  • “Ünsiyyət bacarıqlarının inkişafı”;

  • “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”;

  • “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası”.

Təlimlər zamanı mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

DİM-in bu istiqamətdə fəaliyyətinin ilin sonunadək davam etdirilməsi dövlət qulluqçularının bilik və bacarıqlarının artırılmasına, eləcə də dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.