Anthropic süni intellekt modellərinə qarşı əsassız aqressiyanı qadağan edir

Anthropic süni intellekt modellərinə qarşı əsassız aqressiyanı

“Anthropic” şirkəti süni intellekt modellərinə qarşı “mənasız təhqiramiz və ya qəddar davranışı” qadağan edən yeni qayda qəbul edib. Məhdudiyyət şirkətin İstifadə Siyasətinə edilən planlı yeniləməyə daxil edilib və noyabrın 12-də qüvvəyə minəcək.

Şirkətin açıqlamasına görə, yeni qayda istifadəçilərin adi narazılıq ifadələrinə, mübahisələrə, qaranlıq yaradıcı mövzulara, eləcə də süni intellekt modellərinin sınaqdan keçirilməsi və tədqiqi prosesinə şamil olunmayacaq.

Yenilik “Claude.ai” və “Claude Code” platformalarında artıq tətbiq edilən qoruyucu mexanizmlə uyğunlaşdırılıb. Həmin mexanizm həmsöhbətin davamlı və əsassız aqressiv davranışı ilə qarşılaşdıqda süni intellekt modelinə dialoqu müstəqil şəkildə yekunlaşdırmaq imkanı verir.

“Anthropic” bununla yanaşı, süni intellektdən istifadəsi qadağan edilən sahələrin siyahısını da dəqiqləşdirib və genişləndirib.

Yeni məhdudiyyətlərə əsasən, “Claude” modelindən seçkilərə müdaxilə, izləmə infrastrukturlarının yaradılması, silahlara nəzarət üçün proqram təminatının hazırlanması və cinayət mühakiməsi prosesində qərarların qəbul edilməsi məqsədilə istifadə etmək qadağan olunacaq.

Beləliklə, şirkət həm süni intellekt modellərinin istifadəçilərlə qarşılıqlı əlaqəsinə dair qaydaları sərtləşdirir, həm də onların potensial risk yaradan sahələrdə tətbiqinə əlavə məhdudiyyətlər gətirir.

MONETAR.AZ