3-cü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

3-cü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Xankəndi Ultramarafonunun sonuncu - IV mərhələsinə Ağdam şəhərində start verilib.

AZƏRTAC xəbər verir ki, yarışda 6 ölkədən 97 atlet iştirak edir.

Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.

İştirakçılar Ağdamdan 29,2 kilometr məsafə qət edərək Xankəndidə finişə çatacaqlar.

Bu mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 kilometrlik məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.