2026-cı ildə dünyada həyat keyfiyyətinin ən yüksək olduğu şəhər Avstraliyanın paytaxtı Kanberra seçilib. Avropanın şəhərləri reytinqdə üstünlük təşkil edib.
Monetar.az xəbər verir ki, “Oxford Economics”in 2026-cı il Qlobal Şəhərlər İndeksinə əsasən, Kanberra həyat keyfiyyəti üzrə 100 balla birinci olub.
Reytinq hazırlanarkən gəlir səviyyəsi və bərabərsizliyi, mənzil xərcləri, orta ömür uzunluğu, cinayət səviyyəsi, istirahət və mədəniyyət imkanları nəzərə alınıb. Araşdırma ümumilikdə 1 000 şəhəri əhatə edib.
İkinci yeri Norveçin Bergen şəhəri 94,3 balla tutub. Sinqapur 91,6 balla üçüncü olub.
İlk 10-luqda Fransanın Qrenobl və Paris, İsveçrənin Bern və Bazel, Norveçin Oslo, Lüksemburqun paytaxtı Lüksemburq, Almaniyanın Drezden və Belçikanın Gent şəhərləri yer alıb.
İlk 18 şəhər
- Kanberra, Avstraliya – 100 bal
- Bergen, Norveç – 94,3 bal
- Sinqapur – 91,6 bal
- Qrenobl, Fransa – 90,8 bal
- Bern, İsveçrə – 89,8 bal
- Oslo, Norveç – 89,3 bal
- Lüksemburq, Lüksemburq – 89 bal
- Drezden, Almaniya – 88,5 bal
- Gent, Belçika – 88,4 bal
- Paris, Fransa – 88,1 bal
- Bazel, İsveçrə – 88 bal
- Lints, Avstriya – 88 bal
- San-Xose, ABŞ – 87,9 bal
- Sürix, İsveçrə – 87,7 bal
- Berlin, Almaniya – 87,7 bal
- Münhen, Almaniya – 87,3 bal
- Sidney, Avstraliya – 87,2 bal
- Praqa, Çexiya – 86,9 bal
Avropa reytinqdə xüsusilə güclü nəticə göstərib. İlk 30 şəhərin 23-ü Avropada yerləşir. Almaniya, İsveçrə və İtaliya ən çox şəhərlə təmsil olunan ölkələr arasındadır.
Maraqlıdır ki, şəhərin ümumi inkişaf səviyyəsi onun həyat keyfiyyəti üzrə də yüksək nəticə göstərəcəyi anlamına gəlmir. Məsələn, Nyu-York şəhərlərin ümumi reytinqində birinci olsa da, həyat keyfiyyəti üzrə yalnız 86-cı yerdə qərarlaşıb. Buna əsas səbəblərdən biri yüksək mənzil xərcləridir.
Kopenhagen də ümumi reytinqdə 18-ci olsa da, həyat keyfiyyəti üzrə 160-cı yerdədir. Vankuver isə ümumi reytinqdə 24-cü, həyat keyfiyyəti göstəricisində 215-ci olub.
Reytinq göstərir ki, yüksək gəlir və iqtisadi imkanlarla yanaşı, mənzil xərcləri, təhlükəsizlik, sağlamlıq və şəhərdə istirahət imkanları da insanların həyat keyfiyyətinə ciddi təsir göstərir.