2026-cı il oktyabrın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun böyük məsləhətçisi Sevinc Məmmədova Energetika Nazirliyinin əməkdaşları üçün “İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu” mövzusunda təlim keçib.
Təlimdə əməkdaşlıq, rəqabət və dağıdıcı davranış anlayışları, rəqabətin olmadığı iş mühitinin üstünlükləri və çatışmazlıqları, eləcə də müxtəlif mükafatlandırma sistemlərinin kollektivə təsiri müzakirə olunub.
İştirakçılara rəqabətli iş mühitini formalaşdıran amillər, rəqabətin əməkdaşların fəaliyyət göstəricilərinə təsiri və sağlam rəqabətin əsas prinsipləri barədə məlumat verilib.
Təlimdə, həmçinin qiymətləndirmə prosesinin düzgün təşkili, uğur meyarlarının müəyyənləşdirilməsi və fərdi nəticələrlə kollektiv nailiyyətlər arasında tarazlığın qorunması məsələlərinə toxunulub. Gündəlik ünsiyyətin işçi davranışlarına təsiri və inkişafyönümlü əks-əlaqənin əhəmiyyəti də diqqətə çatdırılıb.
İnteraktiv formatda təşkil olunan təlim çərçivəsində iştirakçılar sağlam rəqabət meyarlarının müəyyənləşdirilməsi və iş mühitinin inkişaf etdirilməsi ilə bağlı praktiki tapşırıqları yerinə yetiriblər.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.