2030-cu ildə dünya iqtisadiyyatının ümumi həcminin 150 trilyon dolları keçəcəyi gözlənilir. Ən böyük iqtisadiyyatlar sırasında ABŞ və Çin liderliyini qoruyacaq.
Monetar.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, qlobal iqtisadiyyat 2026-2030-cu illər arasında təxminən 25 trilyon dollar artacaq.
Proqnoza görə, 2030-cu ildə ABŞ iqtisadiyyatının həcmi 37,7 trilyon dollar olacaq. Bu, dünya iqtisadiyyatının təxminən 25,1 faizinə bərabərdir.
Çin 26 trilyon dollar ÜDM ilə ikinci yerdə qərarlaşacaq və dünya iqtisadiyyatının 17,3 faizini təşkil edəcək.
Üçüncü yer uğrunda Almaniya və Hindistan arasında çox cüzi fərq olacaq. Almaniyanın iqtisadiyyatının 6,178 trilyon dollar, Hindistanın isə 6,173 trilyon dollar olacağı proqnozlaşdırılır. Beləliklə, iki ölkə arasında fərq cəmi 5 milyard dollar təşkil edəcək.
Böyük Britaniya 5,148 trilyon dollarla beşinci, Yaponiya 5,002 trilyon dollarla altıncı, Fransa isə 4,004 trilyon dollarla yeddinci yerdə olacaq.
Braziliyanın iqtisadiyyatının 3,204 trilyon dollar, İtaliyanın 3,046 trilyon dollar, Kanadanın isə 3,008 trilyon dollar olacağı gözlənilir.
Rusiya 2,592 trilyon dollarla 11-ci, Meksika 2,549 trilyon dollarla 12-ci, Avstraliya 2,484 trilyon dollarla 13-cü, İspaniya 2,472 trilyon dollarla 14-cü, Cənubi Koreya isə 2,267 trilyon dollarla 15-ci yerdə qərarlaşacaq.
İndoneziyanın iqtisadiyyatının 2,082 trilyon dollar, Türkiyənin 1,934 trilyon dollar, Niderlandın 1,655 trilyon dollar, Səudiyyə Ərəbistanının 1,650 trilyon dollar, Polşanın isə 1,388 trilyon dollar olacağı proqnozlaşdırılır.
Ümumilikdə, Asiya və Yaxın Şərqin 2030-cu ildə 55,7 trilyon dollar iqtisadi məhsul yaradacağı və bunun qlobal iqtisadiyyatın üçdə birindən çoxunu təşkil edəcəyi gözlənilir.
Avropanın ümumi iqtisadiyyatının isə 2030-cu ildə təxminən 37 trilyon dollar olacağı proqnozlaşdırılır. Region qlobal iqtisadiyyatın təxminən beşdə birini təşkil edəcək.