Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə müraciət edərək paytaxtdakı bir sıra körpü və yolötürücülərində instrumental müayinələrin aparılacağını bildirib.
AAYDA-dan AZƏRTAC-a verilən məlumata görə, körpü və yolötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə mühəndis qurğularında instrumental müayinələr həyata keçiriləcək.
Bildirilib ki, avqustun 27-də Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən "Karl Marks" yolötürücüsündə aparılacaq müayinələr zamanı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayacaq.
Bununla yanaşı, avqustun 27-dən 28-nə keçən gecə, 28 avqust səhər saatlarınadək aşağıdakı yolötürücülərində müayinələrin aparılması ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq:
- Bakıxanov küçəsində yerləşən "Bakıxanov" yolötürücüsü;
- Ceyhun Səlimov küçəsində yerləşən "Papanin" yolötürücüsü;
- Pirşağı dəmir yolu üzərində yerləşən "Pirşağı" yolötürücüsü.
Müayinələr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən aparılacaq.
Agentlik vurğulayıb ki, instrumental müayinələrin keçirilməsi həmin körpü və yolötürücülərinin istismar üçün təhlükəli olması anlamına gəlmir. Bu tədbirlər daşıyıcı konstruksiyaların möhkəmliyinin, yükgötürmə qabiliyyətinin və deformasiya göstəricilərinin qiymətləndirilməsi, eləcə də adi vizual baxış zamanı aşkarlanması mümkün olmayan qüsurların xüsusi avadanlıqlar vasitəsilə müəyyən edilməsi məqsədi daşıyan profilaktik yoxlamalardır.
AAYDA sürücülərdən hərəkətin məhdudlaşdırıldığı müddətdə alternativ marşrutlardan istifadə etmələrini və aparılan müayinələrə anlayışla yanaşmalarını xahiş edib.