"Windows"da əməliyyat sistemini ləngidən funksiyalar tapılıb

"Windows"da əməliyyat sistemini ləngidən

“Windows” əməliyyat sistemində onun fəaliyyətini ləngidə biləcək bir sıra daxili xidmətlər mövcuddur. Bu barədə “XDA” nəşri məlumat yayıb.

Nəşrin jurnalisti Abhinav Racın sözlərinə görə, “Windows 11”də əməliyyat sisteminin əvvəlki versiyalarından miras qalan bir sıra funksiyalar saxlanılıb. Onun fikrincə, bu xidmətlərin bəziləri istifadəçilərin əksəriyyəti üçün praktiki əhəmiyyət daşımır və sistem resurslarını boş yerə sərf edə bilər.

Mütəxəssis ilk növbədə 2025-ci ildə “Windows”a əlavə edilən “Windows Health and Optimized Experiences” (WHESVC) xidmətini qeyd edib. Bu xidmət prosessorun yüklənməsini, temperaturunu, enerji sərfiyyatı profilini, batareyanın doldurulma səviyyəsini və ekranın parlaqlığını izləyir. Jurnalistin fikrincə, istifadəçilər bu xidməti deaktiv edə bilərlər.

Abhinav Rac telemetriya məlumatlarının toplanmasına cavabdeh olan “Service Host: UtcSvc” xidmətinin də söndürülməsini tövsiyə edib. Bu xidməti “Tapşırıq meneceri”nin (“Task Manager”) “Proseslər” bölməsində tapmaq mümkündür.

Bundan başqa, mütəxəssis “Windows Vista”dan etibarən əməliyyat sistemində mövcud olan köhnə arxa plan xidmətlərindən biri — “SysMain”in deaktiv edilməsini məsləhət görüb.

Racın fikrincə, istifadəçilərin böyük əksəriyyətinin ehtiyac duymadığı oflayn xəritələrin arxa planda idarə olunması funksiyasını da söndürmək olar. Onun sözlərinə görə, bu xidmətlərin deaktiv edilməsi bəzi kompüterlərdə sistem resurslarına qənaət etməyə və ümumi performansı yaxşılaşdırmağa kömək edə bilər.

Qeyd edək ki, daha əvvəl “Wccftech” nəşrinin jurnalistləri “Windows 11”in kompüterdə uzun müddət istifadə olunmayan bəzi drayverləri avtomatik silə bildiyini yazmışdılar.

MONETAR.AZ