1 sentyabrdan rəqəmsal rubl: vətəndaşlar və biznes üçün nə dəyişəcək?

1 sentyabrdan rəqəmsal rubl: vətəndaşlar və biznes üçün

Sentyabrın 1-dən Rusiyada rəqəmsal rublun mərhələli şəkildə kütləvi tətbiqinə başlanacaq. Bununla da rəqəmsal rubl milli valyutanın üçüncü forması olacaq. Yeni ödəniş vasitəsi nağd və nağdsız ödənişləri əvəz etməyəcək, onlara alternativ kimi istifadə olunacaq.

Rəqəmsal rublun tətbiqi əsasən iri banklara və ticarət müəssisələrinə yeni öhdəliklər gətirəcək. Vətəndaşlar üçün isə ondan istifadə könüllü olaraq qalacaq.

1 sentyabr 2026-cı ildən rəqəmsal rubl vətəndaşlar üçün məcburi olacaq?

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bildirib ki, sentyabr ayına qədər ən iri banklar rəqəmsal rubldan istifadə etmək istəyən bütün müştərilərə bu imkanları təqdim etməyə hazır olacaqlar.

Onun sözlərinə görə, rəqəmsal rubl vətəndaşlar üçün məcburi olmayacaq. Məcburi tələblər rəqəmsal rublla ödənişləri qəbul etməli olan banklara, ticarət və xidmət müəssisələrinə, yəni müvafiq infrastruktura şamil ediləcək.

Rəqəmsal rubl milli valyutanın yeni formasıdır və mövcud ödəniş vasitələrini əvəz etmir. Rusiya Mərkəzi Bankının platformasında saxlanılan rəqəmsal vəsaitlərə bankların mobil tətbiqləri vasitəsilə çıxış mümkün olacaq.

Rəqəmsal rublun istifadəsi üçün bank tətbiqində rəqəmsal cüzdan açmaq tələb olunur. Vətəndaşlar öz bank hesablarından bu cüzdana vəsait köçürə biləcəklər. Bir rublun dəyəri bir rəqəmsal rubla bərabər olacaq.

2026-cı ilin sonunadək fiziki şəxslərin rəqəmsal rublla həyata keçirdikləri əməliyyatların pulsuz olması nəzərdə tutulur.

Hansı şirkətlər rəqəmsal rublu qəbul etməli olacaq?

2026-cı il sentyabrın 1-dən rəqəmsal rublla ödənişləri qəbul etmək öhdəliyi aşağıdakı üç şərtə cavab verən şirkətlərə şamil olunacaq:

  • 2025-ci ildə gəliri 120 milyon rubl və ya daha çox olan;
  • fiziki şəxslərə mal və xidmət satan;
  • 1 yanvar 2026-cı il tarixinə sistem əhəmiyyətli bank və ya ödəniş xidmətləri bazarında mühüm kredit təşkilatı ilə ekvayrinq müqaviləsi bağlamış şirkətlər.

Rəqəmsal rubl sisteminin əhatə dairəsinin növbəti illərdə genişləndirilməsi planlaşdırılır. Belə ki, 2027-ci il sentyabrın 1-dən gəliri 30 milyon rubldan çox olan, 2028-ci il sentyabrın 1-dən isə gəliri 20 milyon rubldan çox olan şirkətlər də sistemə qoşulmalı olacaq.

İllik gəliri 5 milyon rubldan az olan ticarət obyektləri və internetə çıxışı olmayan ərazilər üçün istisnalar nəzərdə tutulur.

Rəqəmsal rublla necə ödəniş etmək mümkün olacaq?

Yeni ödəniş vasitəsindən istifadə üçün bank tətbiqində rəqəmsal cüzdanın olması kifayətdir. Sonradan vətəndaş həmin cüzdanı özünün digər bank hesablarından da artıra biləcək.

Malların və xidmətlərin ödənişi universal QR-kod vasitəsilə həyata keçiriləcək. Alıcı kodu skan etdikdə ona ödəniş üsulunu seçmək imkanı veriləcək. Burada həm Tez Ödənişlər Sistemi, həm də rəqəmsal rubl vasitəsilə ödəniş variantı təqdim olunacaq.

Satıcılar üçün də rəqəmsal rublun üstünlüklərindən biri əməliyyat komissiyalarının aşağı olmasıdır. Ekspertlərin bildirdiyinə görə, bank kartları ilə ödənişlər üzrə komissiya təxminən 2–3,5% olduğu halda, rəqəmsal rublla ödənişlərdə bu göstəricinin 0,3%-dən yüksək olmaması nəzərdə tutulur.

Rusiyada rəqəmsal rublun tətbiqi mərhələləri

  • Oktyabr 2020: Rusiya Mərkəzi Bankı rəqəmsal rubl haqqında ilk məruzəni dərc edib.
  • 2023-cü ilin yayı: Rəqəmsal rublun milli valyutanın üçüncü forması kimi tətbiqinin hüquqi əsasları yaradılıb. Avqust ayında 13 kommersiya bankının əməkdaşlarının iştirakı ilə pilot layihəyə başlanılıb.
  • İyul 2025: Rəqəmsal rublun qapalı pilot mərhələdən iqtisadiyyatda mərhələli kütləvi tətbiq mərhələsinə keçirilməsi ilə bağlı qərar qəbul edilib.
  • Sentyabr 2026: Banklar və iri ticarət müəssisələri müştərilərə rəqəmsal rublla əməliyyat aparmaq imkanı yaratmalı olacaqlar.

Pensiyalar rəqəmsal rublla ödəniləcəkmi?

Pensiyaların rəqəmsal rublla məcburi ödənilməsi nəzərdə tutulmur. Vətəndaşlar pensiyalarını əvvəlki kimi “Mir” kartına və ya “Poçta Rossii” vasitəsilə ala biləcəklər.

Rəqəmsal rubl da pensiyanın alınması üçün alternativ üsullardan biri olacaq. Bununla belə, vətəndaşların yeni ödəniş formasına məcburi keçirilməsi planlaşdırılmır.

Rəqəmsal rubl adi bank hesabındakı puldan nə ilə fərqlənir?

Bank kartında və ya elektron cüzdanda saxlanılan vəsait kommersiya bankındakı hesabla əlaqəlidir. Bu vəsait əmanətə yerləşdirilə, faiz gəliri əldə edilə və bəzi hallarda keşbek qazanıla bilər.

Rəqəmsal rubl isə Rusiya Mərkəzi Bankının platformasında saxlanılacaq. Onun dəyəri adi rublla eyni olacaq, lakin rəqəmsal cüzdandakı vəsaitə faiz hesablanmayacaq. Həmçinin rəqəmsal rublla ənənəvi bank əmanəti açmaq və ya kredit götürmək mümkün olmayacaq.

Rəqəmsal rubl kriptovalyutadan da fərqlənir. Kriptovalyutaların qiyməti bazar tələb və təklifindən asılı olaraq dəyişə bildiyi halda, rəqəmsal rubl dövlət tərəfindən buraxılır və adi rublla eyni nominal dəyərə malikdir.

Rəqəmsal rublun hansı risk və məhdudiyyətləri var?

Ekspertlərin fikrincə, əsas məhdudiyyətlərdən biri rəqəmsal rublun vətəndaş üçün maliyyə gəliri yaratmamasıdır. Ondan faiz əldə etmək və ya keşbek qazanmaq mümkün olmayacaq.

Digər məhdudiyyət rəqəmsal cüzdanın artırılması ilə bağlıdır. Şəxsi bank hesablarından rəqəmsal cüzdana ay ərzində 300 min rubladək vəsait köçürmək mümkün olacaq.

Ekspertlər texniki nasazlıqları da potensial risklər sırasında göstərirlər. Platformada yaranacaq problemlər müəyyən hallarda vətəndaşların vəsaitlərinə çıxışını məhdudlaşdıra bilər.

Bundan başqa, rəqəmsal rublla aparılan əməliyyatların izlənilməsi nağd ödənişlərlə müqayisədə daha asan olacaq. Hər bir rəqəmsal rubla unikal rəqəmsal kod verilməsi vəsaitlərin hərəkətinin izlənilməsinə imkan yaradacaq.

MONETAR.AZ