Azərbaycan ABŞ-la ticarətin ÜDM-ə nisbətinə görə 186 iqtisadiyyat arasında 155-ci yerdə qərarlaşıb. 2025-ci ildə iki ölkə arasında mal ticarətinin həcmi Azərbaycanın ÜDM-nin cəmi 0,7%-nə bərabər olub. Bu göstərici 6,5%-lik qlobal orta göstəricidən təxminən 9 dəfə aşağıdır.
Monetar.az xəbər verir ki, “Visual Capitalist”in ABŞ Siyahıyaalma Bürosu, ABŞ Beynəlxalq Ticarət Komissiyası, Ümumdünya Ticarət Təşkilatı və BVF məlumatları əsasında hazırladığı araşdırmada ölkələrin ABŞ-la ticarət asılılığı müqayisə edilib.
Araşdırmaya əsasən, ABŞ-la mal ticarətinin ÜDM-ə nisbəti ən yüksək ölkə Meksikadır. 2025-ci ildə bu göstərici Meksikada 47,8%, Vyetnamda 43,9%, Kanadada isə 31,3% olub.
100 milyard dollardan çox ÜDM-ə malik ölkələr arasında Tayvan 28,2%, Kosta-Rika 23,7%, İrlandiya 21,3%, Tailand 19,7%, Malayziya 19%, İsveçrə 17,3% və Dominikan Respublikası 16,2% göstəriciyə sahib olub.
Daha kiçik iqtisadiyyatlar arasında da ABŞ bazarından yüksək asılılıq müşahidə edilir. Nikaraquada ABŞ-la ticarətin ÜDM-ə nisbəti 33,9%, Kambocada 33,6%, Hondurasda 32%, Qayanada isə 25% təşkil edib.
ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından biri olan Çində isə bu göstərici cəmi 2% olub. Almaniya və Yaponiyada ABŞ-la mal ticarətinin ÜDM-ə nisbəti 5% təşkil edib.
Araşdırmada ümumilikdə 186 iqtisadiyyat üzrə məlumat təqdim olunub. Azərbaycan 155-ci sırada, qlobal orta göstərici isə 6,5% səviyyəsində göstərilib.