Dünya üzrə dövlət borcunun həcmi 2030-cu ildən əvvəl qlobal ÜDM-in 100%-ni keçə bilər.
Monetar.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva bildirib.
Onun sözlərinə görə, qlobal dövlət borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyələrdən birinə çatıb və artım davam edir.
Georgiyeva xüsusilə inkişaf etmiş ölkələrdə borc yükünün yüksək olduğunu qeyd edib. O bildirib ki, büdcə problemlərini yalnız iqtisadi artım hesabına həll etmək artıq kifayət deyil və bəzi ölkələrdə tədbirlər görülməsinə indidən başlanmalıdır.
BVF rəhbəri inflyasiya təzyiqlərinin də davam etdiyini vurğulayıb. O, süni intellekt infrastrukturu üzrə xərclərin artmasını, enerji və ərzaq qiymətlərində bahalaşmanı, idxal tariflərini, müdafiə xərclərinin yüksəlməsini və dövlət borcuna xidmət xərclərinin artmasını əsas risklər sırasında göstərib.
Georgiyevanın sözlərinə görə, bu amillər fonunda ABŞ Federal Ehtiyat Sisteminin (FED), Avropa Mərkəzi Bankının və Yaponiya Bankının faiz dərəcələrini artırması əsaslandırılmış addım ola bilər.