İstehlakçı inamında Hindistan liderdir – ABŞ və Yaponiya geridə qalıb

İstehlakçı inamında Hindistan liderdir –

2026-cı ilin sentyabrında istehlakçı inamının ən yüksək olduğu ölkə Hindistan olub. Ölkə 66,9 bal göstərici ilə reytinqə başçılıq edib. İsveç 60 balla ikinci, Malayziya isə 54,8 balla üçüncü yerdə qərarlaşıb.

Monetar.az xəbər verir ki, “Ipsos”un 2026-cı ilin sentyabrına dair Qlobal İstehlakçı İnamı İndeksinin nəticələrinə görə reytinqdə Sinqapur 54,3 balla dördüncü, Tailand 53,1 balla beşinci, İndoneziya 52,9 balla altıncı, Peru 52,6 balla yeddinci, Niderland 52,5 balla səkkizinci olub.

Braziliya 52,2 balla doqquzuncu, Kolumbiya 51,7 balla 10-cu, Meksika 50,8 balla 11-ci, ABŞ isə 50,5 balla 12-ci yerdə qərarlaşıb.

Qlobal istehlakçı inamının orta göstəricisi 48,4 bal olub. Beləliklə, ABŞ-da istehlakçı inamı qlobal ortalamadan bir qədər yüksək olsa da, ölkə İsveç, Hindistan, Malayziya, Tailand və İndoneziya kimi ölkələrdən geridə qalır.

G7 ölkələri arasında ən yüksək göstərici ABŞ-a məxsusdur. Avstraliyada istehlakçı inamı 48,5, İrlandiyada 48,3, Böyük Britaniyada 48,2, Kanadada isə 47,3 bal təşkil edib.

Yaponiya isə 39,4 bal ilə reytinqin ən aşağı göstəricilərindən birinə sahib olub. Ölkədə ərzaq və digər gündəlik xərclərin artması istehlakçıların iqtisadi vəziyyətə münasibətinə mənfi təsir göstərib.

Hindistanda yüksək göstərici isə iqtisadi artım və əhalinin şəxsi maliyyə vəziyyətinə daha müsbət baxışı ilə əlaqələndirilir. Sorğu iştirakçılarının iş təminatına və şəxsi maliyyələrinə inamı sentyabr ayında güclənib.

ABŞ-da isə istehlakçı inamı sentyabr ayında yaxşılaşsa da, ötən ilin eyni dövründən aşağı olaraq qalıb. Ölkədə benzin qiymətlərinin bir il ərzində 27,4% artması və real orta saatlıq əməkhaqqının 0,3% azalması istehlakçıların maliyyə imkanlarına təzyiq göstərən əsas amillər sırasında olub.