Avrozonada kartla ödənişlər ilk dəfə nağd pulu qabaqlayıb

Avrozonada kartla ödənişlər ilk dəfə

Avropa Mərkəzi Bankının (AMB) araşdırmasına görə, 2026-cı ildə avrozonanın mağaza və ticarət obyektlərində ödənişlərin 45%-i bank kartları, 44%-i isə nağd pulla həyata keçirilib. Beləliklə, kartlar ilk dəfə ən çox istifadə olunan ödəniş üsuluna çevrilib.

20 ölkədə 43 937 nəfər arasında keçirilən sorğunun nəticələrinə əsasən, 2019-cu ildə gündəlik ödənişlərin 68%-i nağd pulla, 25%-i kartla aparılırdı. Hazırda bütün gündəlik alış-veriş və köçürmələrdə kartların payı 43%, nağd pulun payı isə 35% təşkil edir.

Mobil ödənişlərin payı da artır. Ticarət obyektlərində əməliyyatların 9%-i smartfon, saat və digər ağıllı cihazlarla həyata keçirilir. Bu göstərici 2024-cü ildə 6%, 2022-ci ildə isə 3% olub.

Kartla orta ödəniş məbləği 2019-cu ildəki 59 avrodan 35 avroya düşüb. Bununla belə, 10 avrodan aşağı alış-verişlərdə nağd pul hələ də üstünlük təşkil edir. Nağd ödənişlər restoran, bar və kafelərdə, eləcə də insanlar arasındakı köçürmələrdə əsas vasitə olaraq qalır.

Sorğu iştirakçılarının 54%-i mağazalarda nağdsız ödənişə, 22%-i isə nağd pula üstünlük verir. Respondentlərin 62%-i nağd, 82%-i isə nağdsız ödəniş imkanını vacib hesab edir.

AMB-nin məlumatına görə, avrozona sakinlərinin 85%-i bankomata və ya bank filialına çıxışın asan olduğunu bildirib. Bununla belə, son bir ildə bankomatdan pul çıxarmağa cəhd edənlərin 19%-i çətinliklə üzləşib. Əsas səbəblər bankomatların işləməməsi və ya nağd pulun bitməsidir.

Ölkələr üzrə nağd ödənişlərin payı fərqlənir. Bu göstərici Sloveniyada 58%, Finlandiyada 27%, Niderlandda isə 18% təşkil edir. Avrozonanın 21 ölkəsindən 10-da nağd pul hələ də ən çox istifadə olunan ödəniş üsuludur.

Araşdırma həmçinin göstərib ki, avrozona sakinlərinin 38%-i evdə ehtiyat üçün nağd pul saxlayır. Bu göstərici iki il əvvəl 35% olub.

AMB ilk dəfə ödəniş dələduzluğu ilə bağlı da sorğu keçirib. İştirakçıların 28%-i son bir ildə dələduzluq cəhdləri ilə üzləşib, 5%-i isə pul itirib. Ən çox istifadə olunan üsullar saxta internet səhifələri, SMS və messencer mesajları, elektron məktublar və telefon zəngləri olub.

Hesabata görə, avrozona sakinlərinin 10%-i kriptovalyutaya sahibdir. Onların 66%-i rəqəmsal aktivləri yalnız investisiya məqsədilə saxlayır. Kriptovalyutaların gündəlik ödənişlərdə istifadəsi isə məhduddur: onlayn satış şirkətlərinin cəmi 0,2%-i bu ödəniş vasitəsini qəbul edir.

MONETAR.AZ