ABŞ-da Şükranlıq süfrəsinin qiyməti 6 faiz artıb

ABŞ-da Şükranlıq

ABŞ-ın 50 şəhərində aparılan araşdırmaya görə, 8-10 nəfərlik Şükranlıq Günü süfrəsinin ən yüksək qiyməti Miluoki şəhərində qeydə alınıb. Burada bayram süfrəsi üçün nəzərdə tutulan ərzaq səbətinin qiyməti 134,11 dollar təşkil edib.

Monetar.az xəbər verir ki, qiymətləndirməyə hinduşka, içlik, şirin kartof, çörək, balqabaqlı piroq, süd, şərab, qaymaq, zoğal və tərəvəz səbəti daxil edilib.

Reytinqdə ikinci yerdə 124,39 dollarla Men ştatının Portlend şəhəri qərarlaşıb. Filadelfiyada göstərici 124,34 dollar, Vayominq ştatının Şayenn şəhərində 124,32 dollar, Nyu-Cersi ştatının Nyuark şəhərində isə 124,22 dollar olub.

İlk onluqda, həmçinin Hartford (123,55 dollar), Honolulu (123,37 dollar), Solt-Leyk-Siti (123,36 dollar), Farqo (123,11 dollar) və Virciniya-Biç (123,05 dollar) yer alıb.

Nyu-Yorkda və Detroytda ərzaq səbətinin qiyməti 112,92 dollar, Los-Ancelesdə 111,29 dollar, Çikaqoda isə 109,70 dollar təşkil edib. Beləliklə, Çikaqo araşdırmada ən ucuz beş şəhərdən biri olub.

Miluoki ilə Çikaqo arasında qiymət fərqi 24,41 dollar və ya təxminən 22% təşkil edib. Maraqlıdır ki, Men ştatındakı Portlend şəhərində ərzaq səbəti Oreqon ştatının Portlend şəhəri ilə müqayisədə 10,66 dollar baha olub.

Araşdırmada hinduşkanın qiyməti bütün şəhərlərdə eyni - 27,20 dollar götürülüb. Bu isə şəhərlər arasındakı ümumi qiymət fərqinin əsasən digər ərzaq məhsullarından qaynaqlandığını göstərir.

Ayrıca keçirilən milli sorğunun nəticələrinə görə, 2026-cı ildə Şükranlıq Günü süfrəsinin ümumi xərci təxminən 6% artıb. Hinduşka, süd, zoğal və çörək kimi məhsulların bahalaşması bu artıma təsir göstərib.