Avropanın 50 böyük şəhərində mənzil almaq üçün orta aylıq əməkhaqqının neçə il ərzində tamamilə yığılmalı olduğu hesablanıb. Reytinqdə Moskva 22,8 illə ilk sırada qərarlaşıb. Ən əlverişli şəhər isə Mançester olub - burada mənzil almaq üçün beş illik orta xalis əməkhaqqı kifayət edir.
Monetar.az xəbər verir ki, Numbeo-nun 2026-cı ilin noyabr ayına aid məlumatları əsasında hazırladığı araşdırmada şəhər mərkəzində 50 kvadratmetrlik mənzil almaq üçün tələb olunan illik xalis əməkhaqqı hesablanıb.
Reytinqdə ikinci yerdə 19,3 illə Albaniyanın paytaxtı Tirana qərarlaşıb. İtaliyanın Milan və Portuqaliyanın Lissabon şəhərlərində bu göstərici 19 il təşkil edib. Xorvatiyanın Split şəhərində mənzil almaq üçün 18,4, Romada 17,4, Belqradda 17,3, Praqada isə 16,9 illik orta əməkhaqqı tələb olunur.
İlk onluqda, həmçinin Paris (15,6 il), Vyana (15,5 il), Madrid (15,1 il) və Sankt-Peterburq (15,1 il) yer alıb.
Avropanın bahalı daşınmaz əmlak bazarlarından hesab olunan Londonda mənzil almaq üçün 13,7, Sürixdə isə 13,6 illik orta xalis əməkhaqqı lazımdır. Kiyev və Stokholmda bu göstərici müvafiq olaraq 13,6 və 13,4 il təşkil edib.
Türkiyənin İstanbul şəhəri 10,4 illə 37-ci yerdə qərarlaşıb. Minskdə də mənzil almaq üçün eyni müddətdə əməkhaqqı tələb olunur.
Reytinqin digər ucunda Frankfurt 7,9, Marsel 7,3, Edinburq 6,9, Brüssel 6 il göstərici ilə yer alıb. Mançester isə beş illə siyahının sonuncusu olub.
Araşdırmada diqqətçəkən məqamlardan biri odur ki, mənzil qiymətlərinin yüksək olması şəhərin gəlirlərə nisbətdə mütləq şəkildə daha əlçatmaz olması demək deyil. Məsələn, Sürixdə şəhər mərkəzində 50 kvadratmetrlik mənzilin qiyməti təxminən 1,2 milyon avro, Tiranada isə 190 min avro olsa da, Sürixdə orta aylıq xalis əməkhaqqı Tiranadakından təxminən doqquz dəfə yüksəkdir.
London və Mançester arasındakı fərq də bu mənzərəni göstərir. Londonda mənzil qiymətləri Mançesterlə müqayisədə təxminən 3,7 dəfə yüksək olduğu halda, orta xalis əməkhaqqı cəmi 35% çoxdur.
Qeyd edək ki, hesablamada işçinin illik xalis əməkhaqqının hamısının mənzil almağa yönəldildiyi fərz edilib. Yaşayış xərcləri, kredit faizləri, vergilər və digər əməliyyat xərcləri nəzərə alınmayıb. Buna görə də göstəricilər real yığım müddətini deyil, mənzil qiymətlərinin yerli gəlirlərə nisbətini əks etdirir.