İşləmək və təqaüdə çıxmaq üçün ən yaxşı ölkələr 

İşləmək və təqaüdə çıxmaq üçün

İş-həyat balansı baxımından dünyanın ən yaxşı ölkəsi Yeni Zelandiya, təqaüd dövrünü keçirmək üçün ən əlverişli ölkə isə Norveç seçilib. Araşdırmada diqqətçəkən məqamlardan biri İrlandiyanın hər iki istiqamət üzrə ilk beşlikdə yer almasıdır.

Monetar.az xəbər verir ki, Remote Qlobal İş-Həyat Balansı İndeksi və 2026-cı il üzrə Natixis Qlobal Pensiya İndeksinin məlumatları əsasında hazırlanan müqayisədə ölkələrin həm işləmək, həm də təqaüdə çıxmaq üçün əlverişliliyi qiymətləndirilib.

İş-həyat balansı reytinqində Yeni Zelandiya 100 mümkün baldan 87 balla birinci olub. İkinci yerdə 81 balla İrlandiya, üçüncü yerdə 76 balla Belçika qərarlaşıb. Almaniya 74 balla dördüncü, Norveç və Danimarka isə eyni nəticə ilə beşinci və altıncı yerləri tutublar.

Təqaüd üçün ən əlverişli ölkələrin siyahısına isə 83 balla Norveç başçılıq edir. İrlandiya 81 balla ikinci, Niderland və İsveçrə 79 balla növbəti yerlərdə qərarlaşıb. Danimarka 78 balla beşinci, Avstraliya 77 balla altıncı olub.

İrlandiya hər iki reytinqdə ilk beşliyə daxil olan iki ölkədən biridir. Ölkə iş-həyat balansında ikinci, təqaüd imkanlarında da ikinci yerdədir. Norveç isə təqaüd reytinqində lider olmaqla yanaşı, işləmək üçün ən yaxşı beş ölkə sırasına da daxil olub.

Araşdırmada ABŞ-ın nəticələri xüsusilə diqqət çəkir. Ölkə iş-həyat balansı üzrə 60 ölkə arasında 59-cu yerdə qərarlaşıb. Bununla belə, təqaüd imkanlarına görə ilk 20 ölkə sırasına daxil olub və müqayisədə 68 bal toplayıb.

Kanada isə iş-həyat balansı üzrə yeddinci yerdə olsa da, təqaüd reytinqində 17-ci pilləyə düşüb. Beləliklə, ölkə işləmək üçün daha əlverişli hesab edilsə də, pensiya təminatı baxımından eyni mövqeyə malik deyil.

İş-həyat balansı göstəricilərində Yeni Zelandiyanın üstünlüyü yüksək minimum əməkhaqqı və həftəlik orta iş vaxtının 33 saat olması ilə əlaqələndirilir. İrlandiyada isə işçilər qanunla dörd həftəlik ödənişli məzuniyyət hüququna malikdirlər.

Pensiya sistemləri üzrə müqayisədə Niderland da diqqət çəkir. Tam əmək fəaliyyəti dövrünü başa vuran orta əməkhaqqı alan işçinin əvvəlki vergidən sonrakı gəlirinin 96%-nin pensiya ödənişləri hesabına əvəzlənəcəyi proqnozlaşdırılır. ABŞ-da bu göstərici 51%, Kanadada isə 45% təşkil edir.

Qeyd edək ki, araşdırmada istifadə olunan iki indeks fərqli metodologiyalara əsaslanır. İş-həyat balansı göstəricisi əmək saatları, ödənişli məzuniyyət və əmək şəraiti kimi amilləri, pensiya indeksi isə səhiyyə, maliyyə təminatı, həyat keyfiyyəti və maddi rifahı nəzərə alır. Buna görə də göstəricilər birbaşa müqayisə edilə bilməz.