Dövlət İmtahan Mərkəzinin (DİM) bir sıra elektron xidmətlərinin “Mygov” platformasına inteqrasiyası, dövlət qulluğunda rəqəmsal həllərin genişləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi müzakirə olunub.
Bu məsələlər noyabrın 18-də DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşdə gündəmə gətirilib.
Görüşdə DİM-in 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Yol Xəritəsində və Prezidentin müvafiq sərəncamı ilə təsdiqlənmiş rəqəmsal inkişaf üzrə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası, mövcud elektron xidmətlərin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi məsələləri nəzərdən keçirilib.
Müzakirələrin əsas istiqamətlərindən biri DİM-in informasiya sistemlərinin dövlətin vahid rəqəmsal arxitekturasına inteqrasiyası olub. Bu çərçivədə “mygov ID” və “Digital Bridge” platformalarına qoşulma, elektron xidmətlərin “Mygov” və “Mygov Biznes” üzərindən təqdim edilməsi, eləcə də dövlət informasiya sistemlərinin “Hökumət buludu”na köçürülməsi ilə bağlı görülən işlər barədə məlumat verilib.
Dövlət qulluğunda rəqəmsallaşma məsələlərinə də xüsusi diqqət ayrılıb. Dövlət qulluqçularının şəxsi işlərinin elektron qaydada aparılması, xidməti fəaliyyətlərinin qiymətləndirilməsi sisteminin yaradılması, dövlət qulluqçularının reyestrinin təkmilləşdirilməsi və informasiya sistemləri arasında məlumat mübadiləsinin təmin edilməsi müzakirə olunub.
Bununla yanaşı, ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinə, rezidenturaya, doktoranturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul prosesləri ilə bağlı elektron xidmətlərin “Mygov” platformasına inteqrasiyası nəzərdən keçirilib. Söhbət qeydiyyat, ixtisas seçimi və müsabiqə nəticələrinin təqdim edilməsi xidmətlərindən gedir.
Elektron xidmətlərdə ödəniş proseslərinin avtomatlaşdırılması, əl ilə aparılan əməliyyatların aradan qaldırılması da müzakirə olunan məsələlər sırasında yer alıb.
Görüşdə süni intellekt texnologiyalarının DİM-in fəaliyyətində istifadəsi imkanları da diqqət mərkəzində olub. Bu texnologiyaların imtahan məzmununun keyfiyyətinə nəzarətdə, yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsində, vətəndaşlara informasiya dəstəyinin göstərilməsində və müraciətlərin cavablandırılmasında tətbiqi imkanları müzakirə edilib.
Tərəflər, həmçinin informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi, kibertəhlükəsizlik infrastrukturunun təkmilləşdirilməsi, sistemlərin dayanıqlılığının artırılması və rəqəmsal layihələrin səmərəli idarə olunması məsələlərini nəzərdən keçiriblər.
Görüşün yekununda rəqəmsal inkişaf üzrə tədbirlərin vaxtında və keyfiyyətlə icrası, dövlət informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi və müasir texnologiyaların DİM-in fəaliyyətinə tətbiqi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
