Vyanada OPEC-in seminarı keçirilir

Avstriyanın paytaxtı Vyanada yerləşən məşhur Hofburq sarayında OPEC-in 9-cu Beynəlxalq Seminarı öz işinə başlayıb. Tədbirdə Azərbaycan nümayəndə heyəti də fəal iştirak edir.
Seminarın əsas mövzusu “Birlikdə yol xəritəsi cızaraq: qlobal enerjinin gələcəyi” olaraq müəyyən edilib. 2 gün davam edəcək seminar çərçivəsində enerji sənayesinin inkişafına həsr olunmuş ümumilikdə 12 sessiya keçiriləcək.
Tədbirin birinci günündə seminar iştirakçıları neft bazarının cari vəziyyəti və onun perspektivləri, qlobal enerji sənayesinin maliyyələşdirilməsi imkanları, həmçinin inkişaf etməkdə olan ölkələrdə enerji yoxsulluğunun aradan qaldırılması kimi mühüm məsələləri müzakirə edəcəklər.
Seminarın ikinci günü Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransına (COP) həsr olunmuş xüsusi sessiya ilə başlayacaq. Bu sessiyada Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP-29-un prezidenti Muxtar Babayev və Braziliya Xarici İşlər Nazirliyinin İqlim, Enerji və Ətraf Mühit üzrə katibi, COP-30-un prezidenti Andre Korrea iştirak edəcəklər. Bu, iki ardıcıl COP-un rəhbərlərinin eyni platformada çıxış etməsi baxımından əhəmiyyət kəsb edir.
Bundan əlavə, seminarın ikinci günündə OPEC-in neft bazarı üzrə uzunmüddətli proqnozuna həsr olunmuş sessiya da keçiriləcək. Bu hesabat ənənəvi olaraq ildə bir dəfə dərc olunur və seminar iştirakçılarına OPEC-in Baş katibi tərəfindən təqdim ediləcək. Seminar çərçivəsində digər sessiyalarda da davamlı inkişaf və enerji sektorunda yeni texnologiyaların tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
MONETAR.AZ