Sağlam qidalanma üçün gündə 4,46 dollar tələb olunur

COVID-19 pandemiyası və Rusiya-Ukrayna münasibətlərinin kəskinləşməindən sonra qlobal ərzaq qiymətləri 2025-ci ildə yenidən artmağa başlayıb. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına gör Qida Qiymətləri indeksi 2025-ci ilin iyun ayında 128 bal səviyyəsinə yüksələrək 2014-2016-cı illər baza dövrünə nisbətən qlobal ərzaq qiymətlərində 28 faiz artım olduğunu göstərir. Bu göstərici 2022-ci ilin mart ayında, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra rekord səviyyə olan 160-dan aşağı olsa da, 2024-cü ilin iyununa nisbətən təxminən 6 faiz, 2019-cu ilin ortalama qiymətindən isə 35 faiz yüksəkdir.
Pandemiyanın başlanğıcında 2020-ci ilin əvvəllərində tələbin kəskin azalması səbəbindən ərzaq qiymətləri düşmüşdü. Lakin 2021-ci ildə tədarük zəncirlərində yaranan pozuntular və məhsul itkisi səbəbindən qiymətlər kəskin şəkildə artıb. 2020-ci ilin aprelindən 2022-ci ilin fevralına qədər qlobal ərzaq qiymətləri 50 faizdən çox artıb. Bu dövrdə Rusiyanın Ukraynaya hücumu və Ukraynanın mühüm taxıl ixracının bloklanması vəziyyəti daha da ağırlaşdırıb. Daha sonra Qara dəniz Taxıl Təşəbbüsü və onun sona çatmasından sonra alternativ nəqliyyat yolları Ukraynanın taxıl ixracını bərpa etməsinə imkan yaradıb ki, bu həm Ukrayna iqtisadiyyatı, həm də qlobal ərzaq təhlükəsizliyi üçün vacibdir.
Qrafikdə də göründüyü kimi, ərzaq qiymətləri 2023-cü ildə 2021-ci ilin ortalarındakı səviyyəyə qayıtmış, lakin pandemiyadan əvvəlki aşağı səviyyələrə düşməmişdi. 2024-cü ilin əvvəlindən ərzaq qiymətləri yenidən yüksəlməyə başlayıb və bu, qlobal ərzaq təhlükəsizliyi üçün mənfi proqnozları ağırlaşdırır. FAO-nun məlumatına görə, 2024-cü ildə sağlam qidalanmanın orta gündəlik xərci satınalma qabiliyyəti pariteti üzrə 4,46 dollar səviyyəsinə yüksəlib ki, bu da 2,6 milyard insanın bu xərci ödəmək imkanından məhrum olduğunu göstərir.
MONETAR.AZ