2025-ci ildə “Qazaxıstan Temir Jolu” (KTJ) ASC-nin dəmir yolu şəbəkəsi üzrə Azərbaycana daşınan taxılın həcmi 2024-cü illə müqayisədə 3 dəfə artıb. Bu barədə KTJ məlumat yayıb.
Şirkətin məlumatına görə, İrana taxıl daşımaları 69%, Əfqanıstana isə 63% artıb. Baltik ölkələrinə daşımalar 6 dəfə yüksələrək 800 min tondan çox təşkil edib. Eyni zamanda, Qara dəniz və Baltik limanlarına daşımalar müvafiq olaraq 49% və 67% artıb.
Bundan başqa, Qazaxıstan daxilində daxili daşımalar 26% artaraq 3,3 milyon tondan çox olub. Mərkəzi Asiya ölkələri istiqamətində də artım qeydə alınıb: Qırğızıstana daşımalar 2 dəfə, Tacikistana 12% artaraq 1,4 milyon ton, Özbəkistana isə 32% artaraq 4,5 milyon ton təşkil edib.
Ümumilikdə, 2025-ci ilin yekunlarına görə, KTJ şəbəkəsi üzrə taxıl daşımalarının həcmi 14,3 milyon tondan çox olub ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 31% çoxdur. İxrac həcmi 11 milyon ton təşkil edib və bu göstərici əvvəlki illə müqayisədə 33% artım deməkdir.
Şirkətdə bildirilib ki, bu cür yüksək göstəricilər son 10 ildə ilk dəfə qeydə alınıb.