Dubay xüsusi kriptovalyutaları qadağan edib

Dubay xüsusi kriptovalyutaları

Dubayın maliyyə tənzimləyicisi Monero və Zcash daxil olmaqla xüsusi kriptovalyutaların istifadəsini qadağan edib. Coindesk-in məlumatına görə, yanvarın 12-dən etibarən Dubayın beynəlxalq maliyyə zonasında, Dubai International Financial Centre (DIFC) ərazisində rəqəmsal aktivlərin dövriyyəsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Yeni tələblərə əsasən, qadağa həm DIFC daxilində, həm də onun hüdudlarından kənarda bu aktivlərin ticarətinə, təşviqinə və törəmə maliyyə alətləri üzrə əməliyyatlara şamil olunur.

Dubay Maliyyə Xidmətləri Tənzimləmə İdarəsinin (Dubai Financial Services Authority, DFSA) hüquq məsələləri üzrə direktor müavini Elizabet Uolles bildirib ki, “xüsusi kriptovalyutalardan istifadə edildikdə, çirkli pulların yuyulmasına və maliyyə cinayətlərinə qarşı mübarizə üzrə tələblərin əksəriyyəti yerinə yetirilmir”.

Eyni zamanda, DFSA steyblkoin anlayışına yanaşmanı dəyişib. Artıq steyblkoinlər dedikdə, fiat valyutalara bağlanmış və qeyri-sabit dövrlərdə tələbi qarşılaya biləcək likvid aktivlərlə təmin olunan tokenlər nəzərdə tutulur. Alqoritmik steyblkoinlər isə bu kateqoriyaya aid edilmir, lakin onların dövriyyəsi birbaşa qadağan olunmayıb.

Alqoritmik steyblkoinlər dedikdə, məzənnəsi aktivlər və ya girov hesabına deyil, alqoritmlər vasitəsilə sabitləşdirilən mərkəzləşdirilməmiş steyblkoinlər başa düşülür. Bu cür steyblkoinlərin qiymətinin qorunması üçün fiat və ya kriptovalyuta aktivlərindən istifadə edilmir. Onların təminatı smart-müqavilələr və riyazi alqoritmlərdir. Bu koinlərin təklifi mövcud tələbdən asılı olaraq avtomatik şəkildə tənzimlənir.

Bundan əlavə, DIFC ərazisində fəaliyyət göstərən şirkətlər bundan sonra kriptoaktivlərin qiymətləndirilməsi və dövriyyəyə buraxılmasına görə özləri məsuliyyət daşıyacaqlar. Onlardan əvvəlcədən tənzimləyici qurumun razılığını almaq tələb olunmayacaq. Həmçinin tənzimləyici artıq təsdiqlənmiş tokenlərin siyahısını dərc etməyəcək.

MONETAR.AZ