Samsung qatlanan ekranlarına tələbat sürətlə artacaq

Samsung qatlanan ekranlarına tələbat

“Gələcəkdə məlumatları nümayiş etdirən müxtəlif robotlar və qurğular ortaya çıxacaq. Bu isə bu günlə müqayisədə xeyli çox ekrana ehtiyac yaradacaq. Biz bu bazarın hamısını əhatə etməyi xəyal edirik”.

APA xəbər verir ki, Samsung Display-in prezidenti İ Çunq ABŞ-ın Las-Veqas şəhərində keçirilən CES sərgisi çərçivəsində Las Vegas Convention Center-də çıxışı zamanı ekran sənayesinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, hazırda diqqət əsasən robotlar və süni intellektə yönəldilsə də, bunun əksinə olaraq ekran sənayesinin rolu daha da artacaq.

Bu il CES sərgisində Samsung Display yalnız biznes müştəriləri üçün nəzərdə tutulmuş xüsusi stend quraraq müxtəlif formalarda kiçik ölçülü OLED konsept məhsullarını nümayiş etdirib. Buraya ağıllı açarlar, boyunbağılar, pultlar, avtomobil məhsulları və ağıllı eynəklər daxildir. Şirkət müştərilərə təqdim etdiyi bu texnologiyalarla gələcəkdə ekran bazarının indiki ölçüsündən təxminən 10 dəfə böyüyəcəyini proqnozlaşdırıb.

İ. Çunq bildirib ki, əvvəlcə şübhə ilə yanaşan müştərilər texnologiya və məhsulları gördükdən sonra fikirlərini dəyişiblər:
“Stendə skeptik baxışlarla daxil olan müştərilər, çıxarkən artıq gülümsəyirdilər”.

Samsung Display smartfonlar üçün kiçik OLED ekranlar və qatlanan ekran texnologiyaları sahəsində lider mövqeyə malikdir. CES sərgisində şirkət qatlanan ekranlarda qırışıqları əhəmiyyətli dərəcədə azaldan yeni texnologiyasını təqdim edib və bu, böyük maraq doğurub. Prezident qeyd edib ki, qatlanan smartfonların bazara çıxmasından artıq 7 il keçib və bu bazara Samsung Electronics rəhbərlik edir:
“Qatlanan telefonları əsas strateji məhsul kimi seçən demək olar ki, bütün müştərilər bizim ekranlardan istifadə edir. Bu il qatlanan cihazlara gözləntilər son dərəcə yüksəkdir”.

Son dövrlərdə Samsung Display Çin şirkəti BOE ilə patent mübahisəsində qalib gəlib və eyni zamanda avtomobillər üçün OLED ekranlar bazarında payını genişləndirir. İ. Çunqun sözlərinə görə, artıq premium avtomobil istehsalçıları Samsung Display-in avtomobil OLED-lərindən istifadə etməyə başlayıb: “Avtomobil ekranları bazarında OLED-lərin payı hələ kiçik olsa da, bu seqmentdə bizim 70% bazar payımız var”.

Cənubi Koreyanın ekran sənayesi Çin şirkətləri ilə ciddi rəqabət şəraitindədir. Koreya LCD istehsalında Çindən geri qaldıqdan sonra bu sahədən çəkilib və indi OLED texnologiyalarında mövqelərini qorumağa çalışır. Bununla belə, İ. Çunq bildirib ki, OLED sahəsində Koreya ilə Çin arasında hələ də ciddi texnoloji fərq mövcuddur.

Onun sözlərinə görə, məhz bu fərq səbəbindən Çin şirkətləri OLED-lərdə birbaşa rəqabət aparmaq əvəzinə mikro displeylər və OLEDoS kimi yeni texnologiyalara böyük sərmayələr yatırırlar. O əlavə edib ki, bəzi texnologiyaların inkişafı zaman tələb edir, lakin Cənubi Koreyada tətbiq olunan 52 saatlıq iş həftəsi kimi məhdudiyyətlər bu prosesi çətinləşdirir.

“Çinin LCD sahəsində liderliyini geridə qoyaraq qlobal ekran bazarında yenidən birinci yerə çıxmaq üçün böyük səylər lazımdır. Biz innovativ texnologiyalar hesabına yeni tələbat yaratmağa çalışmalıyıq”, deyə Samsung Display-in prezidenti vurğulayıb.

 

MONETAR.AZ