Son ticarət sessiyalarında gümüşün qiyməti 5 faizdən çox artaraq yenidən bir unsiya üçün 80 ABŞ dollara çatıb. Bu yüksəliş Çinin gümüş ixracına tətbiq etdiyi məhdudiyyətlər, günəş enerjisi kimi “yaşıl” texnologiyalardan artan tələbat və təhlükəsiz liman aktivlərinə marağın güclənməsi ilə əlaqələndirilir.
ABŞ Geoloji Xidmətinin (USGS) Mineral Commodity Summaries 2025 hesabatına əsasən, dünya üzrə gümüş hasilatı təxminən 25 min metrik ton təşkil edib. Qlobal istehsalda lider mövqeni illərdir qoruyan Meksika ötən il 6 300 metrik ton gümüş hasil edərək birinci olub. Maraqlıdır ki, bu ölkə dünya gümüş ehtiyatlarının cəmi təxminən 6 faizinə sahib olsa da, yüksək məhsuldarlıqla seçilir.
Çin 3 300 metrik tonla ikinci, Peru isə 3 100 metrik tonla üçüncü yerdə qərarlaşıb. Bu üç ölkə birlikdə qlobal gümüş istehsalının yarıdan çoxunu təmin edir və bazar təklifinin əsas dayaqlarını təşkil edir. Boliviya, Polşa, Çili, Rusiya və ABŞ kimi ölkələr də hər biri 1 100–1 300 metrik ton aralığında istehsalla mühüm paya malikdir.
Eyni zamanda ehtiyatların bölgüsü istehsaldan fərqli mənzərə yaradır. USGS-in məlumatına görə, qlobal gümüş ehtiyatları təxminən 641 min metrik ton qiymətləndirilir və bunun 22 faizi təkcə Perunun payına düşür. Avstraliya, Rusiya və Çin də böyük ehtiyatlara malik ölkələr sırasındadır. Meksika isə istehsalda lider olsa da, ehtiyat baxımından daha məhdud mövqedədir.
Ekspertlər bildirir ki, günəş panelləri, elektronika və elektrikləşmə prosesləri gümüşə olan tələbatı yaxın illərdə daha da artıracaq. Bu isə təklifin məhdud qalması fonunda bazarda kəsir riskini yüksəldərək gümüş qiymətləri üzərində əlavə yuxarı təzyiq yarada bilər.
Monetar.az