Gümüşün qiyməti tarixi rekordu yenilədi: 50 dolları keçdi

Comex Birjasında gümüş fyuçersləri 1,75% bahalaşaraq bir unsiya üçün 50 ABŞ dolları həddini aşaraq tarixi maksimum göstəricini yeniləyib. Bu bahalaşma ilə gümüş, 25 aprel 2011-ci ildə qeydə alınan və 49,82 ABŞ dolları səviyyəsində olan əvvəlki rekordunu geridə qoydu.
Gümüş qiymətlərindəki bu kəskin artımın arxasında duran əsas amillər iki əsas istiqamətdə cəmlənir: qlobal iqtisadi qeyri-müəyyənlik və sənaye sektorunda artan tələbat.
Dünya bazarında gümüş, qızıl və bitkoin kimi digər aktivlərlə birlikdə, investorlar üçün "təhlükəsiz liman" funksiyasını yerinə yetirir. Maliyyə bazarlarının iştirakçıları inflyasiya təzyiqləri və həddindən artıq büdcə kəsirləri fonunda maliyyə qiymətli kağızlarının dəyərinin azalacağı qorxusu ilə üzləşirlər. Bu vəziyyət kapitalın daha dayanıqlı hesab edilən qiymətli metallara, o cümlədən gümüşə axınına səbəb olur ki, bu da qiymətləri sürətlə yuxarı itələyir.
Analitiklərin proqnozlarına görə, gümüş bazarında qlobal tələbatın artım tempinin mədən hasilatındakı təklifi üstələməsi gözlənilir. Hesablamalara görə, 2025-ci ildə də tələbatın təklifdən çox olması ehtimal olunur. Bu davamlı qıtlıq (defisit) və artan investisiya marağı fonunda gümüş qiymətlərinin orta və uzunmüddətli perspektivdə yüksək səviyyələrdə qalacağını proqnozlaşdırır.
MONETAR.AZ