Azərbaycanda inflyasiya bir qədər sürətləndi

2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin sentyabr ayına nisbətən 105,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,9 faiz, qeyri-qida məhsulları üzrə 102,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,3 faiz təşkil etmişdir.
2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil etmişdir.
2025-ci ilin sentyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,7 faiz təşkil etmişdir.
Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, balıq və balıq məhsullarının, yumurtanın, xamanın, kəsmiyin, kərə yağının, armudun, şaftalının, qozun, fındığın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə limonun, bananın, almanın, üzümün, soğanın qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2025-ci ilin sentyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil etmişdir. Sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma mebelin, avtomobillər üçün ehtiyyat hissələrinin, şəxsi gigiyena məmulatlarının, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə yay geyimlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2025-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,8 faiz təşkil etmişdir. Sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən ali, orta ixtisas və ödənişli məktəbəqədər təhsil müəssisələrinin, xarici dil və abituriyent hazırlığı kurslarının, mənzillərin kirayəyə verilməsi və bərbərxana xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.