Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb

2025-ci ilin ilk 8 ayı üzrə açıqlanan statistik göstəricilər daşınmaz əmlak sektoruna verilən kreditlərdə azalma tendensiyasını ortaya qoyur. Mərkəzi Bankın məlumatına görə, yanvar ayında 85,4 milyon manat olan ümumi kredit həcm, avqust ayında 43,7 milyon manata qədər enib. Bu, təxminən 2 dəfə azalma deməkdir.
Kreditlərin demək olar ki, hamısı özəl müəssisələrə verilib. Dövlət mülkiyyətində olan müəssisələrin kredit payı sıfıra yaxın olub. Təkcə yanvar-aprel aylarında cüzi məbləğdə – hər ay 0,1 milyon manat – uzunmüddətli kredit alıblar.
Qısamüddətli kreditlərdə də azalma diqqət çəkir. Yanvarda bu göstərici 6,7 milyon manat olduğu halda, avqustda 3,9 milyon manata enib. Burada da bütün kreditlər özəl sektora yönəlib. Qısamüddətli kreditlərin manatla həcmi yanvarda 6,2 milyon manat olub, avqustda isə bu göstərici eyni olaraq 3,9 milyon manat təşkil edib. Xarici valyutada verilən qısamüddətli kreditlər isə iyun ayından etibarən tamamilə dayandırılıb.
Kreditlərin əsas hissəsi uzunmüddətli kreditlərdir. Lakin burada da azalma dinamikası müşahidə olunur. Yanvarda 78,8 milyon manat olan uzunmüddətli kreditlərin həcmi avqust ayında 39,9 milyon manata düşüb. Bu kreditlərin də əksəriyyəti özəl müəssisələrə yönəlib. Manatla verilən uzunmüddətli kreditlər 26,5 milyon manatdan 22,5 milyon manata enib. Xarici valyuta ilə verilən uzunmüddətli kreditlərdə isə daha kəskin azalma var: 52,2 milyon manatdan 17,4 milyon manata qədər.
İqtisadçılar hesab edirlər ki, kreditləşmədəki bu azalma faiz dərəcələrinin yüksəlməsi, əmlak bazarında durğunluq, xarici valyutada kredit risklərinin artması və bankların daşınmaz əmlak sektoruna ehtiyatla yanaşması ilə izah oluna bilər. Bu dinamika, həmçinin investorlar və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətlər üçün qısamüddətli təzyiqlər yarada bilər. Bankların kredit siyasətində yumşalmaya gedib-getməyəcəyi isə ilin son rübündə daha aydın olacaq.
MONETAR.AZ