Kərə yağı dünya bazarında 44 faiz ucuzlaşıb, Azərbaycanda 8 faiz bahalaşıb

Kərə yağı dünya bazarında 44 faiz ucuzlaşıb,

Bazarda kərə yağı ilə bağlı diqqətçəkən qiymət paradoksu formalaşıb. Qlobal birja qiymətlərində ciddi ucuzlaşma müşahidə olunduğu halda, daxili pərakəndə bazarda əks tendensiya qeydə alınıb. Belə ki, 2025-ci ilin yanvarında bir ton məhsulun dünya bazarındakı qiyməti təxminən 7400 ABŞ dolları olduğu halda, 2026-cı ilin sonunda bu göstərici 4175 dollara düşüb. Bu isə 43,7 faiz ucuzlaşma deməkdir.

Lakin bu azalma istehlakçı üçün müsbət nəticə verməyib. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, 2025-ci ilin yanvar  ayı ilə müqayisədə noyabr  ayında kərə yağının pərakəndə satış qiymətlərində artım qeydə alınıb. Statistikaya görə, orta hesabla 1 kiloqram kərə yağının qiyməti 21,69 manatdan 23,26 manata yüksəlib. Məlumatlar göstərir ki, bahalaşma həm yerli, həm də idxal məhsullarında müşahidə olunur. Yerli istehsal kərə yağının 1 kiloqramının orta qiyməti 20,57 manatdan 21,41 manata, idxal kərə yağının qiyməti isə 22,62 manatdan 24,56 manata qədər artıb.

Rəqəmlər göstərir ki, orta hesabla 1 kiloqram kərə yağının qiyməti 7,2 faiz bahalaşıb. Yerli istehsal kərə yağında qiymət artımı daha mülayim olub və 4,1 faiz təşkil edib. Buna qarşılıq, idxal kərə yağının qiyməti 8,6 faiz yüksələrək ən yüksək artım tempi ilə fərqlənib.

Mütəxəssislərin fikrincə, bu paradoksun əsas səbəbləri logistika xərclərinin artması, daxili bazarda rəqabətin zəifliyi, topdansatış mərhələsində formalaşan yüksək marjalar və pərakəndə şəbəkələrin qiymətləri gecikmə ilə aşağı salmasıdır. Eyni zamanda, inflyasiya gözləntiləri və bazarda süni qiymət qorunması halları da ucuzlaşmanın istehlakçıya ötürülməsinə mane olur.

Təhlillər göstərir ki, qlobal ucuzlaşmanın Azərbaycan istehlakçısının cibinə yansımamasına bir neçə faktor təsir edir. 

Ölkəyə idxal olunan kərə yağına tətbiq edilən 15 faizli gömrük rüsumu və 18 faizlik ƏDV qiymətin formalaşmasında ilk baryerdir. Belə ki, gömrük bəyannaməsində 8,50 AZN olaraq qeyd edilən məhsulun maya dəyəri yalnız dövlət ödənişlərindən sonra dərhal 11,50 AZN-ə yüksəlir.

Məhsulun anbarlanması, soyuducu sistemlərlə təchiz edilmiş logistika zənciri və böyük market şəbəkələrinin tətbiq etdiyi 25-35 faizlik ticarət əlavələri son qiymətin 23 manatı keçməsinə səbəb olur. İdxalçıların və pərakəndə satış nöqtələrinin mənfəət normalarını aşağı salmaması qlobal enişin yerli bazara təsirini neytrallaşdırır.

Dünya bazarındakı volatillik və gələcəkdə yarana biləcək logistik çətinliklər yerli biznes subyektlərini qiymətləri yuxarı həddə saxlamağa sövq edir. Sahibkarlar "ehtiyatlı qiymət siyasəti" yürüdərək daxili inflyasiya risklərini cari qiymətlərin üzərinə əlavə edirlər.

Mütəxəssislərin fikrincə, kərə yağının idxal və satış qiyməti arasındakı kəskin fərqin aradan qaldırılması üçün bazarda rəqabət mühitinin daha da genişləndirilməsi və idxal rüsumlarının çevik mexanizmlərlə tənzimlənməsi zəruridir.

MONETAR.AZ