İranda müharibənin altıncı həftəsi qlobal neft bazarında tarixdə ən ciddi təklif şoklarından birinə səbəb olub. Hörmüz boğazının bağlanması Fars körfəzində yüzlərlə tankerin hərəkətini məhdudlaşdırıb və bu da neft qiymətlərinin kəskin artımına gətirib çıxarıb. Lakin Bloomberg yazır ki, hazırda birja qiymətləri reallığı tam əks etdirmir və daha optimist mənzərə yaradır.
Hazırda fiziki bazar (real neft alqı-satqısı) ilə “kağız bazar” (fyuçers və opsionlar) arasında misli görünməmiş fərq yaranıb. Emal zavodları dərhal tədarük olunan neft üçün birja qiymətindən əlavə hər barrelə təxminən 30 dollar artıq ödəməyə məcburdur. Halbuki normal şəraitdə bu fərq adətən 2 dolları keçmir.
Bu vəziyyət onu göstərir ki, treyderlər mövcud kəskin qıtlığın uzunmüddətli olmayacağına inanır. Müharibə şəraitində bazar iştirakçıları düşünür ki, siyasi qərar nəticəsində münaqişə istənilən an dayandırıla və ya dondurula bilər. Bu səbəbdən investorlar uzunmüddətli yüksək qiymətlərə mərc etmək istəmirlər.
Fərqin yaranmasının digər səbəbi isə zaman amilidir. Brent markalı neft üzrə fyuçerslər təxminən iki ay sonrakı tədarükləri əks etdirir, fiziki bazarda isə qiymətlər “burada və indi” prinsipi ilə formalaşır. Bu da qiymətlər arasında ciddi fərq yaradır.
Energy Aspects şirkətinin rəhbəri Amrita Sen bildirib ki, bazarın böyük hissəsi hesab edir ki, ABŞ-da siyasi faktorlar münaqişənin uzanmasına imkan verməyəcək. Xüsusilə seçkilər ərəfəsində yüksək neft qiymətləri siyasi risk yaradır.
Müharibə başlayandan bəri dünyada yanacaq qiymətləri kəskin artıb. ABŞ-da benzin qiymətləri gallon üçün 4 dollar həddini keçərək rekord səviyyələrə çatıb. Sorğular göstərir ki, amerikalılar həm müharibəyə, həm də onun iqtisadi nəticələrinə ciddi narahatlıqla yanaşır.
Yanacağın bahalaşması artıq yeni inflyasiya dalğasını sürətləndirir. Benzin, dizel və aviasiya yanacağının qiymətlərindəki artım domino effekti ilə iqtisadiyyata yayılaraq aviabiletlərin, ərzaq məhsullarının və logistika xidmətlərinin bahalaşmasına səbəb olur.
MONETAR.AZ