Asiyanın ən varlı ailələri sərvətlərini 16 faiz artırıblar

Asiyanın ən varlı ailələri sərvətlərini

Bloomberg-in məlumatına görə, Asiyanın ən zəngin 20 ailəsi son 12 ayda ümumi sərvətlərini 16% artıraraq 647 milyard dollara çatdırıb. Bu, agentliyin 2019-cu ildən bəri apardığı hesablamalar dövründə ən yüksək illik artım hesab olunur. Gəlirlər ABŞ–İran münaqişəsi fonunda qlobal fond bazarlarında korreksiya olmasına baxmayaraq artıb.

2026-cı ildə Asiyanın ən varlı ailəsi kimi Mukesh Ambani ailəsi tanınıb. O, Reliance Industries konqlomeratının təsisçisi və rəhbəridir. Ailənin sərvəti təxminən 89,7 milyard dollar qiymətləndirilir. Şirkət liman daşımaları, neft və enerji ticarəti, pərakəndə satış, yüksək texnologiyalar və maliyyə xidmətləri sahəsində fəaliyyət göstərir.

İkinci yerdə 50,2 milyard dollar sərvətlə Honq-Konqdan olan Kvok ailəsi qərarlaşıb. Onlar Asiyanın ən böyük tikinti şirkətlərindən biri olan Sun Hung Kai Properties üzərində nəzarətə malikdirlər.

Üçüncü yerdə isə 45,5 milyard dollar sərvətlə Cənubi Koreyanın Li ailəsi gəlir. Bu ailə Samsung şirkətinə nəzarət edir. Ekspertlər gəlirlərin artımını süni intellekt üçün çiplərə qlobal tələbin yüksəlməsi ilə izah edirlər ki, bu da təkcə Samsung-un deyil, ümumilikdə bu sektorda fəaliyyət göstərən şirkətlərin gəlirlərini artırıb.

 

MONETAR.AZ