“Azər-Türk Bank” ASC 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın xalis mənfəətinin artmasına baxmayaraq, xərc bəndlərindəki sürətli yüksəliş və bölüşdürülməmiş mənfəətin əhəmiyyətli dərəcədə azalması hesabatın diqqət çəkən əsas məqamlarıdır. Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin ilk üç ayında “Azər-Türk Bank”ın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz artaraq 4 milyon 546 min manat təşkil edib. Lakin bu artım fonunda bankın daxili əməliyyat xərclərində daha böyük sıçrayışlar müşahidə olunur.
Hesabat dövründə bankın faiz gəlirləri 12,5 faiz artdığı halda, əməliyyat xərclərindəki artım bu rəqəmi xeyli üstələyib. Belə ki:
- Əmək haqqı və kompensasiya xərcləri: 26,7 faiz artaraq 9,2 milyon manatı ötüb;
- Ümumi və inzibati xərclər: 22 faiz artaraq 7,1 milyon manata çatıb.
Bu tendensiya bankın idarəetmə xərclərinin gəlir gətirmə sürətindən daha sürətlə böyüdüyünü göstərir ki, bu da uzunmüddətli rentabellik üçün müəyyən risklər yarada bilər.
Maliyyə hesabatının ən müəmmalı məqamı bankın bölüşdürülməmiş mənfəətinin 41,7 faiz və ya 10,6 milyon manatdan çox azalaraq 14,9 milyon manata düşməsidir. Bankın səhmdar kapitalı da eyni dövrdə 21,5 milyon manat (27,2%) artaraq 100,5 milyon manata yüksəlib.
Bankın gəlirlərində ən çox artım investisiya qiymətli kağızları (43,5%) və digər maliyyə institutlarındakı depozitlərdən (24,4%) gələn faizlər hesabına baş verib. Əsas kredit portfelindən gələn gəlirlər isə cəmi 3,7 faiz artaraq 21 milyon manat təşkil edib.
Mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatların 19,2 faiz azaldılması rübün xalis mənfəət rəqəminə müsbət təsir göstərən digər amildir. Ehtiyatların azaldılması risklərin kiçilməsi kimi görünsə də, aktivlərin 12,5 faiz artdığı bir şəraitdə ehtiyat qənaəti ehtiyatlılıq prinsipi baxımından diqqət mərkəzində saxlanılmalıdır.
Bankın aktivləri rüblük müqayisədə 12,5 faiz artaraq 2,2 milyard manata çatıb. Bu artım əsasən digər banklardakı depozitlərin 56,8 faiz yüksəlməsi hesabına baş verib. Müştəri depozitləri isə 13,1 faiz artaraq 1,56 milyard manat olub.
Qeyd edək ki, bankın öhdəlikləri də aktivlərə paralel olaraq 12,7 faiz artıb. Xüsusilə digər kredit təşkilatları qarşısındakı öhdəliklərin 27,1 faiz (56 milyon manat) çoxalması bankın kənar maliyyələşmədən asılılığının artdığını göstərir.
MONETAR.AZ