Rəqəmlər göz qamaşdırır, amma reallıq başqadır

Rəqəmlər göz qamaşdırır,

“Unibank” ASC 2026-cı ilin ilk rübünü xalis mənfəət artımı ilə başa vurub. Bankın mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 8 milyon manatı ötüb. İlk baxışda bu göstərici güclü maliyyə performansı kimi görünür. Lakin hesabatın detalları bankın xərc strukturu və risk idarəetməsi ilə bağlı mühüm məqamları da üzə çıxarır.

Bankın gəlirləri əsasən kredit fəaliyyəti, komissiya əməliyyatları və valyuta əməliyyatları hesabına formalaşıb. Hesabat dövründə bankın faiz gəlirləri 69,5 milyon manat təşkil edib ki, bu da 19,9 faiz artım deməkdir. Komissiya gəlirləri 29,5 milyon manata çataraq 23,8 faiz artıb. Ən yüksək artım isə valyuta əməliyyatlarında qeydə alınıb. Bankın xarici valyuta əməliyyatlarından əldə etdiyi gəlirlər 85,4 faiz artaraq mühüm gəlir mənbəyinə çevrilib.

Maliyyə hesabatında diqqət çəkən əsas məqamlardan biri xərclərin artım tempidir. Faiz xərcləri 35,6 faiz artaraq 29,9 milyon manata yüksəlib. Xüsusilə cəlb edilmiş kreditlər üzrə faiz ödənişlərinin 50 faizdən çox artması bankın maliyyə resurslarının bahalaşdığını göstərir. Eyni zamanda əməliyyat xərclərində də kəskin artım müşahidə olunur. Əməkhaqqı xərcləri 31,7 faiz, ümumi və inzibati xərclər isə 34,1 faiz yüksəlib. Bu dinamika gəlirlərin artım tempi ilə müqayisədə daha sürətli xərc artımını ortaya qoyur və gələcəkdə mənfəət marjasına təzyiq yarada bilər.

Bankın mənfəət artımında diqqət çəkən mühüm məqamlardan biri də mümkün zərərlər üçün yaradılan ehtiyatların kəskin azalmasıdır. Hesabata əsasən, bu ehtiyatlar 7,2 dəfə azalıb. Bu azalma qısa müddətdə xalis mənfəətin artmasına təsir göstərsə də, kredit portfelində mümkün risklərin qarşılanması baxımından suallar yaradır.Xüsusilə 1,37 milyard manatlıq kredit portfelinin keyfiyyəti ilə bağlı hər hansı pisləşmə baş verərsə, mövcud ehtiyat səviyyəsinin kifayət edib-etməyəcəyi diqqət mərkəzindədir.

Bankın subordinasiya borc öhdəlikləri 56,2 faiz artaraq 85 milyon manata çatıb. Bu öhdəliklər üzrə faiz xərclərinin 67,8 faiz artması bankın maliyyə yükünün yüksəldiyini göstərir. Eyni zamanda kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərin də artması bankın böyüməsinin daha çox kənar maliyyə resurslarına əsaslandığını ortaya qoyur.

Hesabatda diqqət çəkən digər məqam depozit portfelindəki durğunluqdur. Müştəri depozitləri cəmi 652 min manat artaraq faktiki olaraq sabit qalıb. Bu vəziyyət bankın resurs bazasının əsasən müştəri depozitləri deyil, kənar borclanma hesabına genişləndiyini göstərir. Nəticədə bankın maliyyə strukturu daha çox borc asılılığı üzərində formalaşır.

MONETAR.AZ