14 keytrinq şirkəti qaydaları pozdu – Adları niyə gizlədilir?

14 keytrinq şirkəti qaydaları pozdu –
9 Oktyabr 2025 16:17

İstehlakçıların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi hər bir dövlətin prioritet məsələlərindəndir. Azərbaycanda bu sahədə nəzarət funksiyasını həyata keçirən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son aylarda həyata keçirdiyi monitorinqlərlə bir sıra narahatedici faktları üzə çıxarıb. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarını əhatə edən dövrdə ölkə üzrə fəaliyyət göstərən 14 keytrinq müəssisəsində yoxlamalar keçirilib və ciddi pozuntular qeydə alınıb.

Agentliyin yaydığı məlumata əsasən, aşkar edilmiş əsas uyğunsuzluqlar arasında qeyri-qanuni fəaliyyət, sanitar-gigiyenik şərtlərin pozulması, etibarsız məhsulların istifadəsi, dezinfeksiya və tibbi nəzarətin olmaması kimi riskli hallar yer alır. Üstəlik, bəzi hallarda yararlılıq müddəti bitmiş məhsulların istifadəsi və xammalların mənşəyi ilə bağlı sənədlərin olmaması da qeydə alınıb.

Məntiqi sual yaranır: Bu qədər ciddi nöqsanlar müəyyən edildiyi halda, niyə həmin müəssisələrin adları ictimaiyyətə açıqlanmır? Axı bu xidmətlər təkcə fərdi sifarişlər deyil, həm də məktəblər, uşaq bağçaları, təlim-tədris mərkəzləri və kütləvi tədbirlər üçün yemək təminatını həyata keçirir. Bu isə o deməkdir ki, təhlükə təkcə fərdi deyil, kütləvi zəhərlənmə və ictimai sağlamlıq riski daşıyır.

Agentlik bildirir ki, nöqsanlara yol verən 12 müəssisənin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olunub. Lakin inzibati cəza ilə yanaşı ictimai maarifləndirmə və şəffaflıq da vacibdir. İnsanlar sifariş verdikləri şirkətlərin etibarlı olub-olmadığını haradan bilsinlər? Təsəvvür edin, bir valideyn övladının gündəlik qidalandığı məktəbin yeməyinin hansı şəraitdə hazırlandığını bilmir. Ya da bir ailə toy mərasimində xidmət göstərən şirkətin təhlükəsizlik standartlarına əməl edib-etmədiyindən xəbərsizdir.

Məsələ təkcə inzibati cəza ilə yekunlaşmamalıdır. Qida təhlükəsizliyi sahəsində şəffaflıq təmin edilməli, təftiş edilən və nöqsan aşkarlanan şirkətlərin adları ictimaiyyətə açıqlanmalıdır. Bu həm də sağlam rəqabətə təkan verər, vicdanla işləyən xidmət təminatçılarının nüfuzunu qoruyar.

İstehlakçı hüquqları yalnız xidmət alan şəxsin öz məsuliyyəti ilə qorunmamalıdır. Dövlət qurumları aşkar olunan risklər barədə vaxtında və açıq şəkildə məlumat verməlidirlər. Əks halda bu məlumatların gizli saxlanması gələcəkdə baş verə biləcək hadisələr zamanı ciddi ictimai narazılığa səbəb ola bilər.

MONETAR.AZ


Oxşar xəbərlər