Almaniyada iflaslar son 20 ilin zirvəsində

Almaniyanın İqtisadi Tədqiqatlar İnstitutu (IWH) ölkədə iflas edən şirkətlərin sayının 2025-ci ilin ikinci rübündə 2005-ci ildən bəri ən yüksək səviyyəyə çatdığını bildirib.
IWH-ın iyun ayına dair açıqladığı şirkət iflas trendləri hesabatına əsasən, Almaniyada şirkətlərin və ortaq müəssisələrin iflas müraciətləri iyun ayında əvvəlki ilin eyni ayına nisbətən 23 faiz artaraq 1420-yə yüksəlib.
2025-ci ilin ikinci rübündə isə ümumilikdə 4524 şirkət iflas edib, bu da təxminən 45 min iş yerinə təsir göstərib. 2024-cü ilin ikinci rübü ilə müqayisədə aprel-iyun dövründə iflas sayı 7 faiz artıb.
IWH İflas Araşdırmaları Bölməsinin rəhbəri Steffen Müllerin qiymətləndirməsinə görə, mövcud yüksək iflas sayının yalnız bir hissəsi hazırkı makroiqtisadi problemlərlə əlaqəlidir. Müller qeyd edib ki, "Uzun illər boyu, həddən artıq aşağı faiz dərəcələri iflasların qarşısını alıb, COVID-19 pandemiyası zamanı isə hökumət dəstək tədbirləri onsuz da zəif olan şirkətlərin belə bazarda qalmasına imkan verib."
Yüksək inflyasiya sonrası faiz dərəcələrinin artması və hökumət dəstəyinin kəsilməsi 2022-ci ilin ortalarından etibarən iflaslarda artıma səbəb olub. Müller artan iflas sayının, dayanıqlı şirkətlər üçün yer açacaq sancılı, lakin zəruri bazar konsolidasiyası və struktur tənzimləmələrinin bir əlaməti kimi qəbul edilməsi lazım olduğunu ifadə edib.
MONETAR.AZ