Qlobal investorlar enerji bazarlarına və “təhlükəsiz limanlara” yönəlir

Qlobal investorlar enerji bazarlarına

Yaxın Şərqdə İranla bağlı baş verən hücumdan sonra qlobal maliyyə bazarlarında diqqət enerji qiymətlərinə və təhlükəsiz aktivlərə yönəlib. İnvestorlar hesab edirlər ki, ticarətin tam bərpası ilə bazarlarda ilk reaksiyalar neft və qaz qiymətlərində, eləcə də dövlət istiqrazlarında müşahidə olunacaq.

Natixisin ABŞ faiz strategiyası üzrə rəhbəri Con Briqqs bildirib ki, investorlar “əvvəl təhlükəsiz limana yönəl, sonra sual ver” yanaşmasını seçəcəklər. Onun sözlərinə görə, hücumların və İranın mümkün cavab addımlarının miqyası bazar gözləntilərindən böyükdür. Briqqs qısamüddətli ABŞ istiqrazlarının gəlirliliyinin 2022-ci ildəki səviyyələrə enməsi ilə bağlı ötən həftə müşahidə edilən tendensiyanın davam edə biləcəyini vurğulayıb.

Roundhill Financial şirkətinin nümayəndəsi Deyv Matsa isə dünya üzrə dəniz yolu ilə daşınan neft ticarətinin təxminən dörddə birinin keçdiyi Hürmüz Boğazındakı vəziyyətin əsas risk amili olduğunu bildirib. Onun sözlərinə görə, əgər dəniz daşımaları açıq qalarsa, səhm bazarları vəziyyəti nisbətən asanlıqla həzm edə bilər. Əks halda isə bazarlarda qeyri-müəyyənlik kəskin arta bilər.

Columbia Threadneedle Investments şirkətinin portfel meneceri Ed Əl-Hüseyni qeyd edib ki, qlobal səhmlərdə yüksək qiymətləndirmələr investorların riskləri azaltmasını asanlaşdırır. O bildirib ki, bazarlar artıq ABŞ-ın gömrük siyasətində dəyişikliklər, süni intellekt sektorunda dalğalanmalar və özəl kredit bazarındakı gərginlik səbəbindən həssas vəziyyətdə idi.

Barclays strateqləri isə mümkün enişlər zamanı tələsik alışların edilməməsini tövsiyə ediblər. Şirkətin qlobal tədqiqatlar üzrə rəhbəri Acay Racadhyakşa qeyd edib ki, investorlar adətən tez səngiyən geosiyasi gərginliklərə öyrəşiblər, lakin bu hadisənin daha uzunmüddətli ola biləcəyi riski var. Onun fikrincə, risk-gəlir nisbəti hazırda cəlbedici görünmür və məsələn, S&P 500 indeksində 10 faizdən artıq eniş olarsa, alış imkanları yarana bilər.

Charles Schwab & Co. şirkətinin makro araşdırmalar və strategiya rəhbəri Kevin Qordon isə bildirib ki, əgər gərginlik neft qiymətlərini davamlı şəkildə yüksəldərsə, bu, qısa müddətli inflyasiya narahatlığı yaradaraq səhm bazarlarına təzyiq göstərə bilər. Bununla belə, o hesab edir ki, münaqişə iqtisadi artım və korporativ mənfəətlərə ciddi təsir etməzsə, bazar reaksiyası qısamüddətli ola bilər.

Analitiklər ümumilikdə qeyd edirlər ki, yaxın günlərdə bazarların əsas diqqəti enerji qiymətlərinə, ABŞ istiqraz bazarına və Yaxın Şərqdə hadisələrin inkişaf istiqamətinə yönələcək.

MONETAR.AZ