Rusiya Ermənistandan pomidor, xiyar və çiyələk idxalını qadağan edib

Rusiya Ermənistandan pomidor, xiyar və çiyələk idxalını

Rusiya ilə Ermənistan arasında son dövrlərdə müşahidə olunan geosiyasi fikir ayrılıqları iqtisadi müstəviyə keçib. Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti ("Rosselxoznadzor"), mayın 30-dan etibarən Ermənistandan gələn bir sıra kənd təsərrüfatı məhsullarının ölkəyə girişinə müvəqqəti qadağa qoyulacağını elan edib.

Rəsmi bəyanatda bu addımın fitosanitar təhlükəsizlik tədbirləri ilə bağlı olduğu iddia edilsə də, proseslərin Ermənistanın Avropa İttifaqına (Aİ) yaxınlaşma cəhdləri fonunda baş verməsi diqqət çəkir.

"Rosselxoznadzor"un qərarına əsasən, Ermənistan mənşəli və ya bu ölkə vasitəsilə Rusiya Federasiyasına göndərilən aşağıdakı təzə məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunur:

  •  Təzə pomidor və bibər;

  •  Xiyar;

  •  Göyərti məhsulları;

  •  Çiyələk.

Rusiya tərəfi bəyan edib ki, bu embarqo “daşınan məhsulların təhlükəsizliyinin təmin olunması üzrə uyğun və effektiv nəzarət mexanizmi hazırlanana qədər” qüvvədə qalacaq.

Rusiya mətbuatının, xüsusilə "Kommersant" qəzetinin yaydığı məlumata görə, meyvə-tərəvəz qadağası problemin görünən tərəfidir. Moskva Aİ ilə yaxınlaşma kursu seçən İrəvanı daha ağır iqtisadi nəticələrlə hədələyir.

Rusiyanın energetika naziri Sergey Tsivilyov Ermənistan hökumətinə rəsmi məktub hazırlayaraq, İrəvanın xarici siyasət kursunu dəyişəcəyi təqdirdə iki ölkə arasında strateji əhəmiyyət kəsb edən təbii qaz, neft məhsulları (yanacaq) və almaz tədarükü üzrə müqavilələrin Rusiya tərəfindən birtərəfli qaydada ləğv edilə biləcəyi barədə xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyi ölkənin İrəvandakı səfirliyi vasitəsilə bu xəbərdarlıq məktubunun rəsmi şəkildə Ermənistan tərəfinə təqdim olunduğunu təsdiqləyib. Ermənistan XİN isə məktubun məzmununun hazırda aidiyyəti qurumlar tərəfindən ciddi şəkildə araşdırıldığını və cavabın yaxın vaxtlarda təqdim olunacağını bəyan edib.

Moskvadan gələn kəskin reaksiyalara və enerji şantajına Ermənistanın baş naziri Nikol Paşinyandan fərqli reaksiya gəlib. Paşinyan, Rusiyanın qaz tədarükünü dayandıracağı və ya müqaviləni ləğv edəcəyi təqdirdə daxili bazarda mavi yanacağın qiymətinin kəskin artması ehtimalının onu şəxsən narahat etmədiyini vurğulayıb.

Lakin yerli ekspertlər qeyd edirlər ki, Ermənistanın kənd təsərrüfatı ixracatının 80%-dən çoxunun Rusiya bazarından asılı olması və ölkə sənayesinin tamamilə Rusiya qazı ilə işləməsi İrəvanı qısa müddətdə dərin iqtisadi böhranla üz-üzə qoya bilər.

MONETAR.AZ