Toxuculuq və ayaqqabı istehsalında artım, geyim sənayesində isə ciddi azalma qeydə alınıb.
Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda toxuculuq, geyim, dəri və dəridən məmulatlar, ayaqqabılar da daxil olmaqla, ümumilikdə 188,2 milyon manatlıq məhsul istehsal olunub. Bu sahələr üzrə istehsalda həm artım, həm də azalma müşahidə edilib.
Toxuculuq sənayesində ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 20,1 faiz artım qeydə alınıb. Eyni zamanda, geyim istehsalı sahəsində 42,8 faiz azalma müşahidə olunub.
Toxuculuq məhsulları arasında ən çox artım pambıq mahlıcında qeydə alınıb. Belə ki, bu dövrdə 41 016,8 ton pambıq mahlıcı istehsal olunub, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,3 faiz artım deməkdir.
Pambıq parçaların istehsalı da 10 293,1 min kvadrat metr olmaqla 19,9 faiz artıb.
Pambıq ipliyi üzrə isə cüzi azalma müşahidə olunub – istehsal 5 338,8 ton, bu da 0,9 faiz azalma deməkdir. Əvəzində pambıq yataq ağlarının istehsalı 3,9 dəfə azalıb, yalnız 68,2 min ədəd məhsul istehsal edilib.
Xalça və xalça məmulatları üzrə istehsal isə ötən illə müqayisədə dəyişməyərək 1000 kvadratmetr səviyyəsində qalıb.
Geyim sənayesində isə daha mürəkkəb dinamika müşahidə olunub. Üst geyimlərin istehsalı 57,6 faiz artaraq 247,5 min ədəd təşkil etsə də, alt geyimlərin istehsalı 2,4 dəfə azalaraq 437,4 min ədədə enib.
İstehsalat və peşə geyimlərinin istehsalı da 43,8 faiz azalaraq 431,1 min ədədə düşüb.
Corab məmulatlarında da ciddi geriləmə müşahidə edilib – istehsal 615,3 min cüt, yəni 43,5 faiz azalma ilə.
Ayaqqabı istehsalında nəzərəçarpacaq artım müşahidə olunub. 2025-ci ilin ilk dörd ayında 197,4 min cüt ayaqqabı istehsal edilib, bu da 172,3 faiz artım deməkdir.
Emal olunmuş dəri istehsalı isə əksinə, 4,4 dəfə azalıb və cəmi 7,0 min kvadrat metr təşkil edib.
2025-ci il may ayının 1-nə olan məlumata əsasən, pambıq mahlıcı üzrə ehtiyatlar 38 508,5 ton, pambıq ipliyi üzrə 4 925,7 ton, sair geyim məhsulları üzrə isə 1 747,3 min ədəd təşkil edir.