Azərbaycanda bu ilin yanvar–aprel aylarında elektrik enerjisi istehsalında artım qeydə alınıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2025-ci ilin ilk 4 ayında ölkədə 8 milyard 789,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Əmtəəlik elektrik enerjisinin həcmi isə 8 milyard 485 milyon kilovat-saat təşkil edib – 1,5 faizlik artım müşahidə olunub.
İstehsalın əsas yükünü daşıyan istilik elektrik stansiyalarında (İES) isə azalma qeydə alınıb. Belə ki, bu stansiyalar 7 milyard 287 milyon kilovat-saat enerji istehsal edib ki, bu da əvvəlki illə müqayisədə 2,1 faiz azdır.
Əvəzində su elektrik stansiyalarında (SES) ciddi artım baş verib. Bu mənbədən 1 milyard 63 milyon kilovat-saat enerji əldə olunub – 35 faizdən çox artım qeydə alınıb.
Günəş elektrik stansiyaları da dinamikanı qoruyub. Dörd ay ərzində 129,6 milyon kilovat-saat enerji istehsal edilib – bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz çoxdur.
Ən ciddi geriləmə külək elektrik stansiyalarında yaşanıb. Buradan cəmi 5,6 milyon kilovat-saat enerji istehsal olunub, bu isə 71 faizdən çox azalma deməkdir.
Qeyd edək ki, tullantıların yandırılması ilə əldə edilən elektrik enerjisinin həcmi 74,2 milyon kilovat-saat təşkil edib. Bu da ötən illə müqayisədə 7 faiz azdır.