Çin şirkətləri istehsal müəssisələrini ölkə hüdudlarından kənara köçürmək strategiyasını sürətləndirir. Bu məqsədlə dünyanın müxtəlif regionlarında sənaye parkları və iri istehsal kompleksləri yaradılır. «Bloomberg»in yazdığına görə, belə layihələr Çin şirkətlərinə həm istehsal xərclərini azaltmağa, həm də əsas satış bazarlarına daha yaxın olmağa imkan verir.
Bu istiqamətdə diqqət çəkən layihələrdən biri Mərakeşin Təncər şəhəri yaxınlığında yerləşən «Mohammed VI Tanger Tech City» sənaye zonasıdır. Əsasən Çin şirkətləri olmaqla, təxminən 200 müəssisə üçün nəzərdə tutulan parkda istehsal infrastrukturu formalaşdırılır. «Qingdao Sentury Tire» burada illik 12 milyon şin istehsal gücünə malik zavodunu artıq istifadəyə verib. Şençjendə yerləşən «BTR New Material Group» isə ümumi illik istehsal gücü 110 min ton olacaq akkumulyator komponentləri üzrə iki fabrik inşa edir.
Layihənin əsas üstünlüyü Mərakeşin ən böyük limanı olan Təncər-Medə və Cəbəllütariq boğazının digər tərəfində yerləşən Avropa bazarına yaxınlığıdır. 2016-cı ildə Mərakeş kralının Çinə dövlət səfəri zamanı elan edilən layihənin reallaşması üçün təxminən on il hazırlıq aparılıb.
Nyu-Yorkda yerləşən Beynəlxalq Münasibətlər Şurasının (CFR) hesablamalarına əsasən, «Tanger Tech» Çinin xaricdə maliyyələşdirdiyi ən azı 145 oxşar sənaye obyektindən biridir. Bundan başqa, onlarla yeni layihə hazırda planlaşdırma mərhələsindədir.
Çin istehsalçılarının xarici bazarlara yönəlməsinin bir neçə səbəbi var. İlk növbədə, digər ölkələrdə zavod tikintisi və əməliyyat xərcləri daha aşağı ola bilər. Eyni zamanda, müəssisələrin xammal mənbələrinə və istehlakçılara yaxın yerləşməsi logistika baxımından üstünlük yaradır. ABŞ və Avropa tərəfindən tətbiq edilən gömrük rüsumları isə Çində istehsal olunan məhsulların həmin bazarlarda satışını çətinləşdirir. Gömrük orqanlarının malların üçüncü ölkələr üzərindən tranzitinə nəzarəti gücləndirməsi də şirkətləri istehsalın coğrafiyasını dəyişməyə sövq edir.
Çinin xarici istehsal ekspansiyası yeni proses deyil. Pekin hələ 2000-ci illərin əvvəllərində şirkətləri beynəlxalq bazarlara çıxmağa təşviq etsə də, həmin dövrdə xaricdə fəaliyyətə başlayan istehsalçıların sayı məhdud idi. Proses 2013-cü ildə Si Cinpinin «Bir kəmər, bir yol» təşəbbüsünü irəli sürməsindən sonra daha geniş miqyas aldı. Limanların, avtomobil yollarının, elektrik stansiyalarının və sənaye zonalarının tikintisini nəzərdə tutan bu proqram Çin şirkətlərinin xarici ölkələrdə möhkəmlənməsinə şərait yaratdı. ABŞ ilə Çin arasında ticarət münasibətlərinin gərginləşməsi isə bu tendensiyanı daha da sürətləndirdi.
CFR-in Çin üzrə mütəxəssisi Zoi Lyu hesab edir ki, şirkətlər xaricdə istehsalın artıq beynəlxalq biznesin təbii inkişaf mərhələsinə çevrildiyini anlayıblar.
Sənaye parkları şirkətlərə torpaq sahəsi axtarmaq, kommunikasiya xətləri çəkmək, gömrük və logistika sistemini sıfırdan qurmaq kimi çətinlikləri minimuma endirməyə imkan verir. İri istehsalçıların ardınca onların təchizatçıları da həmin ərazilərə gəlir. Nəticədə, müəssisələr lazımi komponentləri və xidmətləri daha asan əldə edə bilirlər.
Bunun nümunələrindən biri Kambocadakı Sianukvil xüsusi iqtisadi zonasıdır. Burada fəaliyyət göstərən 200 şirkətin təxminən 80%-i Çin mənşəlidir. Zonada yerləşən «Jiangsu General Science Technology» şirkətinin şin zavodunun rəhbəri Yun Xuyun bildirib ki, müəssisə xammal və materialları yerli bazardan almağa çalışır, eyni zamanda təchizatçıları da regionda istehsal müəssisələri yaratmağa təşviq edir.
Çin şirkətlərinin xaricdə istehsal güclərini artırması ABŞ və Avropanın Çin sənayesindən asılılığı azaltmaq planlarını mürəkkəbləşdirir. Belə ki, müəssisə istehsalını Macarıstana, Malayziyaya və ya Efiopiyaya köçürsə belə, Çin avadanlıqlarından, mühəndislərindən və təchizatçılarından istifadəni davam etdirə bilər. Yerli işçilərin cəlb edilməsi və xammalın həmin ölkələrdən alınması da istehsal zəncirinin Çinlə əlaqəsini tam aradan qaldırmır.
Bu mənada məhsullar artıq Çin ərazisində istehsal edilməsə də, onların istehsal prosesi yenə də Çin şirkətlərinin texnologiyasına və təchizat şəbəkəsinə əsaslanır.
Belə sənaye mərkəzlərinə Meksika, İndoneziya və Efiopiyada da rast gəlinir. ABŞ sərhədindən avtomobillə təxminən üç saatlıq məsafədə, Monterrey yaxınlığında yerləşən «Hofusan» parkında Çin şirkətləri mebel, məişət texnikası, su nasosları və avtomobil komponentləri istehsal edirlər.
İndoneziyadakı «Morowali» sənaye parkında isə təxminən 100 min nəfər çalışır. Buradakı zavodlar nikel filizini paslanmayan polad və elektromobil akkumulyatorları üçün materiallara emal edir. Efiopiyanın paytaxtı Əddis-Əbəbə yaxınlığında yerləşən sənaye parkında da 20 mindən çox işçisi olan 100-dən artıq Çin şirkəti fəaliyyət göstərir. Bu müəssisələr ayaqqabı, dərman, avtomobil və digər məhsullar istehsal edir.
Çin şirkətləri sənaye parkları seçərkən əsasən aşağı xərcləri, infrastrukturun inkişaf səviyyəsini və böyük istehlak bazarlarına çıxış imkanlarını nəzərə alırlar. Mərakeş bu baxımdan əlverişli mövqeyə malikdir: ölkə Afrikada həm Avropa İttifaqı, həm də ABŞ ilə ticarət sazişləri olan yeganə dövlət kimi təqdim olunur.
Mühafizə qapıları istehsal edən «Simto Group» şirkətinin ticarət nümayəndəsi Trumen Çjou bildirib ki, Mərakeşin daxili bazarı böyük olmasa da, ölkə Avropaya və Afrikanın digər hissələrinə satış üçün əlverişli istehsal bazasıdır.
Xarici bazarlarda mövqelərini möhkəmləndirən Çin şirkətləri artıq yalnız hazır sənaye parkları ilə kifayətlənmirlər. Məsələn, «Gotion High-Tech» Mərakeşin Atlantik okeanı sahilində, Rabatdan təxminən bir saatlıq şimal məsafəsində yeni zavod tikir.
«Volkswagen» ilə əlaqəli olan şirkət yaxın on il ərzində bu müəssisədə ildə 1,4 milyon elektromobil üçün akkumulyator istehsal etməyi planlaşdırır. Məhsulların Avropa, Afrika və Yaxın Şərq bazarlarına göndərilməsi nəzərdə tutulur. Layihənin təxminən 8 min iş yeri yaratması gözlənilir. «Gotion»un məlumatına görə, Çin təchizatçıları da zavodun yaxınlığında komponent istehsalı müəssisələri açacaqlar.
Oxşar genişlənmə digər ölkələrdə də müşahidə olunur. Braziliyada BYD Baiya ştatında keçmiş «Ford» zavod kompleksində elektromobillər və hibrid avtomobillər yığır. Keniyada «Keda» şirkəti keramik plitələr istehsal edir, Vyetnamda isə «Xfanic» telefon və kompüterlər üçün aksesuarlar buraxır.
MONETAR.AZ