Azərbaycanda tikinti sektorunda geriləmə 6,8 faizə çatıb 

Azərbaycanda tikinti sektorunda geriləmə

Azərbaycanda tikinti sektorunda iqtisadi aktivlik zəifləyib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında tikinti sahəsində 6 milyard 320 milyon manatlıq əlavə dəyər yaradılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,8% azdır.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında tikinti sektorunda əlavə dəyər 6 milyard 681,2 milyon manat təşkil edib.

Beləliklə, müqayisəli qiymətlərlə sektorun istehsal etdiyi əlavə dəyərdə azalma müşahidə olunub.

Tikinti sahəsi ümumi daxili məhsulun 5,5%-ni təşkil edir.

Digər tərəfdən, 2026-cı ilin yanvar-oktyabr aylarında əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib. Bu, illik müqayisədə 9,7% artım deməkdir.

İnvestisiyaların artmasına baxmayaraq, tikinti sektorunda əlavə dəyərin azalması investisiyaların sahələr üzrə bölgüsü və layihələrin iqtisadi nəticələri məsələsini gündəmə gətirir.